Apr 08 2020 18:06
Elshad Aliyev
Views: 175

Bakıda polis əməkdaşları ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində tədbirləri davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, polis və Daxili Qoşunların əməkdaşları koronavirusun geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları yerlərdə qalmalarını tələb edirlər. Paytaxtda hərəkət edən şəxslər yoxlanılır. Müvafiq icazə olmadan şəhərə çıxan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Polis və Daxili Qoşunların əməkdaşları vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırlar.

Qeyd edək ki, koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilir.


Create Account



Log In Your Account