Dec 16 2019 11:27
Elshad Aliyev
Views: 127

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda baş vermiş çökmənin qarşısını almaq məqsədilə geoloji-kəşfiyyat işləri aparılıb. Geoloji-kəşfiyyat işlərinin nəticələri ilə bağlı hesabat hazırlanıb. Hesabat əsasında Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “AzərYolElmiTədqiqatLayihə” institutunun və xarici mütəxəssislərin iştirakı ilə yolda aparılacaq bərkitmə işləri ilə bağlı layihə hazırlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub. Onlardan biri yamacın aşağı hissəsində, biri isə yamacın orta hissəsində inşa ediləcək. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulacaq və üzərində 4 və 6 metr hündürlükdə istinad divarı inşa ediləcək.

Yağış və qrunt sularının axıdılması üçün yeni drenaj sistemi yaradılacaq. İstinad divarlarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular atılacaq.

AAYDA-nın “AzərYolElmiTədqiqatLayihə” institutunun hazırladığı layihəyə əsasən isə yol yatağında və yol əsasında təmir-bərpa işləri aparılacaq. Yaxın müddət ərzində sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkətinin bərpa edilməsi planlaşdırılır. Bunun üçün yolun azı 2 hərəkət zolağı bərpa edilərək hərəkətə məhdudiyyət aradan qaldırılacaq.

Xatırladaq ki, sözügedən yolda noyabrın 7-də AAYDA-nın əməkdaşları tərəfindən çatların əmələ gəlməsi aşkarlanıb. Dərhal aidiyyəti qurumlara bununla bağlı rəsmi şəkildə məlumat verilib və agentlik tərəfindən ərazi nəzarətə götürülüb. Noyabrın 24-də yağan intensiv yağışlar nəticəsində çatların daha da böyüdüyü müşahidə edilməyə başlanıb. Həmin gün axşam saat 19:00-20:00 radələrində yol ilə hərəkət tamamilə məhdudlaşdırılıb. Noyabrın 25-i səhər saat 05:00-06:00 radələrində yolda çökmə qeydə alınıb. Agentlik tərəfindən vaxtında görülmüş təhlükəsizlik tədbirləri daha ağır fəsadların baş verməsinin qarşısını alıb.

Hazırda ərazidə təmir-bərpa işlərinin başlanılması üçün hazırlıq işləri görülür.


Create Account



Log In Your Account