Jun 01 2020 17:55
Elshad Aliyev
Views: 135

Çində epidemioloji vəziyyətin yaxşılaşması fonunda təhsil ocaqlarında dərslərin bərpası prosesi davam edir. AZƏRTAC xəbər verir ki, paytaxt Pekinin təhsil komitəsinin daha əvvəldən verdiyi qərara əsasən, iyunun 1-də orta məktəblərin 7, 8, 10 və 11-ci siniflərində dərslər bərpa olunub. Ümumilikdə mindən çox orta məktəbdə 400 mindən çox şagird dərslərə başlayıb.

Səlahiyyətli qurumun qərarına uyğun olaraq, iyunun 8-də 4 və 5-ci siniflərdə, habelə uşaq bağçalarında dərslər bərpa olunacaq. Hələlik 1, 2 və 3-cü siniflərdə dərslərin bərpası vaxtı açıqlanmayıb. Paytaxtın ümumi orta (VII-IX siniflər) məktəblərin sonuncu sinifləri üzrə dərslərə mayın 11-də, tam orta (X-XII siniflər) məktəblərin buraxılış siniflərində isə aprelin 27-də start verilib.

Təhsil Nazirliyinin qərarına əsasən, şagird və müəllimlərin epidemioloji qaydalara uyğun olaraq qoruyucu maska taxmaları, şagirdlərin əllərini xüsusi maddələrlə tez-tez dezinfeksiya etmələri, sosial məsafə saxlamaları məcburidir. Bundan başqa, gün ərzində bir neçə dəfə şagirdlərin bədən hərarəti ölçülür. Təhsil Nazirliyi bütün məktəb rəhbərlərinə sinif otaqlarının tez-tez dezinfeksiya olunmasını, müvəqqəti karantin otaqları ayrılmasını tapşırıb.

Qeyd edək ki, dekabrın son günlərində Hubey vilayətinin Uxan şəhərində aşkarlanan yeni növ koronavirus yanvar və fevral ayında ölkədə sürətlə yayılıb. Mart ayından başlayaraq Çində epidemioloji vəziyyətin yaxşılaşması ilə mərhələli şəkildə təhsil ocaqlarında dərslərin bərpasına başlanılıb. İlk növbədə ümumi orta və tam orta məktəblərin buraxılış siniflərində dərslər bərpa olunub.


Create Account



Log In Your Account