Jul 18 2019 13:05
Ferah Sabirqizi
Views: 143
Yay vaxtı tez korlanan məhsullardan biri də pendirdir. Pendir süddən alındığına görə bir sıra xüsusiyyətlərə malikdir. Köhnə və keyfiyyətsiz pendir zəhərlənməyə səbəb ola bilər. Buna görə də pendirin istehsalı zamanı qida təhlükəsizliyi sahəsində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl olunmalıdır. 
 
Təəssüf ki, bəzən bu qaydalara riayət etməyən, keyfiyyətsiz məhsul istehsal edib insanların sağlamlığını təhlükəyə atan qurumlar da olur. 
 
Pendirin yağlılığı süni şəkildə artırılıb
 
Bu günlərdə Qida Təhlükəsizliyi Agentliyinə Bərdə rayonu Mollalı kəndində antisanitar şəraitdə pendir istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan məlumat əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq aparılıb. Monitorinq zamanı şikayət öz təsdiqini tapıb. Məlum olub ki, qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmir.
 
Sexdə pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə bitki yağlarından, habelə məhsula yüksək yağlılıq əmtəə görünüşü vermək məqsədilə beta karotin rəngləyici qida boyasından istifadə edildiyi aşkar olunub.
 
Məhsullardan nümunələr götürülərək ekspertizadan keçirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.
Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.
 
Həyata keçirilən monitorinqlər zamanı Agentliyin əməkdaşları tərəfindən Bərdə rayonu, Bəciravan kəndi ərazisində də antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlanıb.Qanunsuz fəaliyyət göstərən sexə baxış zamanı məlum olub ki, müəssisədə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədən “saçaqlı pendir” istehsal olunur. Sexdə heç bir soyuducu sistemdən istifadə edilmədiyi, istehsalatda laborator analiz, plasterilizasiya, dezinfeksiya, deratizasiya tədbirlərinin həyata keçirilmədiyi, qablaşdırılmanın düzgün aparılmadığı, pendirin antisanitar şəraitdə hazırlandıqdan sonra hisə verilərək satışa çıxarıldığı aşkar edilib.
 
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
 
Pendirin faydaları 
 
Gündəlik qida rasionumuzda əsas yer tutan süd məhsullarından olan pendir insan orqanizmi üçün çox faydalıdır. Tərkibində zülal, yağ və digər bioloji fəal maddələr olan pendir, həmçinin A, B, D, E vitaminləri və kalsiumla zəngindir. Pendir südün mayalanması ilə əldə olunan yüksək kalorili qida məhsuludur. Süd və süd məhsulları yüksək risk qrupuna aid olduğundan istehlakçılar pendir alarkən mütləq bəzi məqamlara diqqət yetirməlidirlər.
 
Pendir alarkən saxlanma şəraitinə, məhsulun orqanoleptik göstəricilərinə mütləq fikir verilməlidir. Çünki köhnə və keyfiyyətsiz pendir zəhərlənməyə səbəb ola bilər.
 
Satış şəbəkələrindən alınan pendirin qida dəyərini qoruması üçün saxlanma şərtlərinə əməl olunmalıdır. Belə ki, pendiri alıb evə gətirdikdə dərhal soyuducuya yerləşdirmək lazımdır. Soyuducuda olan pendirin bir qismini istifadə etdikdən sonra, qalan hissəni əmtəə keyfiyyətini qoruyub saxlaya bilməsi üçün  öz suyunda saxlamaq tövsiyə olunur. Əgər pendirin suyunda hər hansı keyfiyyət dəyişikliyi müşahidə edilərsə, onu evdə hazırlanan duzlu su məhlulu ilə əvəz etmək olar.
 
Ağ pendirin öz suyunda saxlanması məsləhətdir
 
Qablaşdırılmış ağ pendir qapağı açıldıqdan sonra da öz suyunda saxlanmalıdır. Gündəlik tələbata uyğun, lazımi miqdar götürüldükdən sonra bu pendirlər öz suyunda və ya strec sellofana bükülmüş şəkildə 5-7 gün müddətində saxlanıla bilər. Ağ pendirlər, adətən öz təzəliyini və keyfiyyətini 2 həftə saxlayır. Motal və ya holland pendirləri kimi sərt pendirlər isə, bir neçə həftə istehlak yararlılığını qoruyur.
Pendirlər, adətən qaranlıqda,  +2℃ - +4℃ temperatur şəraitində saxlanmalı və istehlakçı satış obyektində məhsulun həmin temperaturda saxlanıldığından əmin olmalıdır.
 
Əgər pendir vakuumlaşdırılmış qablaşmadadırsa, o zaman ağzı açılmadığı müddət ərzində təminatlı saxlanma müdəti 1 ildir. Mikroorqanizmlərlə asanlıqla çirklənmə ehtimalı olduğu üçün yaxşı olar ki, qablaşdırması açıldıqdan sonra məhsul ən qısa müddətdə istehlak edilsin. Eyni zamanda, pendir şüşə, metal və ya keramik materialdan olan qablarda saxlanılmalıdır.
 
Holland pendirində isə bir qədər fərqli saxlanma şəraitinə əməl edilməlidir. Belə ki, lazımi miqdar götürüldükdən sonra qalan hissəni strec paketlə hava keçməyəcək şəkildə bükmək lazımdır. Əgər məhsul hava ilə təmas edərsə, pendirdə xarabolma əlamətləri daha da sürətlənəcək.
 
Yadda saxlamaq lazımdır ki, ağ pendir və onun növlərində  temperatur, motal və ya holland pendirlərində isə  rütubətin optimallığı qorunmalıdır. Qablaşdırılmış pendirin üzərində məhsulun əmtəə nişanı, istehsalçının adı və ünvanı, istehsal tarixi, məhsulun xalis çəkisi qeyd edilməlidir. Son istifadə tarixi başa çatmış pendir istehlak edilməməlidir.
 
Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.
 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.   
 
 

Create Account



Log In Your Account