Mar 03 2017 11:06
Ferah Sabirqizi
Views: 727

SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş." ("Petkim") 2016-cı ilin maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin hesabatına görə, "Petkim" 2016-cı ili 731,7 mln. türk lirəsi və ya 200,1 mln. ABŞ dollarlıq xalis mənfəətlə başa vurub. 2015-ci il ilə müqayisədə ötən il şirkətin xalis mənfəəti 14,5% artıb.

2015-ci ildə şirkətin aktivləri 5 mlrd. 460,7 mln. lirə (1 mlrd. 493,1 mln dollar) təşkil edirdisə, 2016-cı ilin dekabrın 31-nə bu göstərici 6 mlrd. 268,5 mlrd. lirəyədək (1 mlrd. 714 mln. dollar) qədər artıb. Ümumiyyətlə 2016-cı ildə şirkətin aktivlərində 14,8% artım qeydə alınıb.

Ötən il şirkətin qısamüddətli öhdəlikləri 13,4% artaraq 1 mln. 796 min 641 lirəyə (491 min 243 dollar), uzunmüddətli öhdəlikləri isə 31% artaraq 1 mln. 402 min 447 lirəyə (383 min 461 dollar) çatıb. Ötən il şirkətin cəmi öhdəlikləri 3 mln. 199 min 88 min lirəyə (874 min 703 dollar) bərabər olub ki, bu da 2015-ci ildəkindən 20,5% çoxdur.

 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

 


Create Account



Log In Your Account