Apr 14 2020 11:35
Elshad Aliyev
Views: 103

Koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş və Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının fövqəladə zirvə toplantısı zamanın çağırışına hərtərəfli cavab verdi.

Türk Şurası qlobal miqyasda dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına dair sammit keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Videokonfrans vasitəsilə təşkil edilən toplantıda Azərbaycan Prezidenti dünyanı qorxu və təlaşın bürüdüyü bir vaxtda vəziyyətdən çıxış yolunu göstərdi. Dövlətimizin başçısı dünyaya mesaj verdi ki, çətin şəraitdə panikaya, pessimizmə qapılmaq yox, özünü ələ alaraq irəliyə doğru baxmağı bacarmaq lazımdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə insanlığa labirintdən çıxış yolu göstərərək qarşılıqlı münasibətlərin real konfiqurasiyasını aydınlaşdırdı. Dünya birliyi aydın gördü ki, Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayaraq nəinki öz problemini həll edir, həm də başqalarının dərdinə şərik olur. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, məqsəd yalnız xoş gündə deyil, çətin günlərdə də bir-birinə kömək olmağı bacarmaqdır.

“Dünyanı bürüyən epidemiya yalnız həyat ritmini yavaşlatmadı, həm də bəzi mətləbləri anlatdı. Bəzi təşkilatların və qurumların fəaliyyəti özünü doğrultmadı. Avropa İttifaqı belə bir vaxtda öz nüfuzunu qoruyub saxlaya bilmədi və inamı itirdi. “Böyük İyirmilər”in son sammitindən sonra BMT-nin Baş katibi Antonio Quterreş acı həqiqəti etiraf edərək təəssüfləndiyini bildirdi. Baş katibi məyusluğa uğradan səbəb “Böyük İyirmilər”in seyrçi münasibəti və imkanlı olan dövlətlərin ehtiyacı olanlara yardım etmək arzusunda olmaması idi.

“Bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, Türk Şurası 4 il bundan əvvəl Qazaxıstanda Zirvə görüşünə ev sahibliyi edəndə Macarıstan bu toplantıda müşahidəçi qismində iştirak etmişdi. 2019-cu ilin noyabrında Macarıstanın Baş Naziri Viktor Orban Naxçıvan Bəyannaməsinin qəbul edilməsinin 10 illiyinə həsr olunmuş sammitdə iştirak etmək üçün Bakıya gəldi. Aprelin 10-da keçirilən Zirvə görüşündə Baş Nazir yardım üçün Azərbaycana təşəkkür etdi. Bununla biz şahid olduq ki, Avropa İttifaqının üzvü olan Macarıstan koronavirusla mübarizədə dəstəyi, köməyi Avropadan deyil, Azərbaycandan, Türkiyədən aldı. Macarıstanın Baş Nazirinin sözləri dost bir Avropa ölkəsində hökm sürən əhval-ruhiyyəni aydın şəkildə ifadə edir: “Buna görə minnətdarıq və bunu heç vaxt unutmayacağıq. Cənab Prezident Əliyev, əziz dostum, Azərbaycanın bizə göstərdiyi köməyə görə Sizə çox minnətdarıq”. Məncə, bu sözlərdə hər şey aydın deyildi.

Politoloq bildirib ki, Azərbaycan lideri yüksək məsuliyyət, həmrəylik və məqsədyönlü hərəkətlərlə zamanın çağırışına vaxtında reaksiya verdi və “pandemiyanın ilk günlərindən qarışıq və geri çəkilən” ölkələrin və təşkilatların mövqeyini bölüşmədiyini açıq şəkildə bildirdi. Ümumdünya Səhiyyə Təşkilatı, Macarıstan, İran və digər dövlətlərə hər cür yardım göstərmiş Azərbaycan nümunəsi dünyaya örnəkdir. Azərbaycan Prezidenti qürurla bəyan etdi: “Qlobal pandemiya şəraitində Türk Şurasına üzv dövlətlər bir-birindən ayrılmadılar. Türk Şurası bir təşkilat olaraq digər beynəlxalq təşkilatlarla da əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də dəstək verir”. Bu sözlər Azərbaycan liderinin yüksək siyasi etikasını, praqmatizmi, vətəndaşlıq və bəşəriyyətin taleyi ilə bağlı narahatlığını əks etdirir.

T.Abbasov diqqətə çatdırıb ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanoma Qebreyesusun Zirvə toplantısında iştirak etməsi və Azərbaycana, Türkiyəyə təşəkkür etməsi özü-özlüyündə hər şeyi deyir. Koronavirusla mübarizədə Azərbaycanın təcrübəsi dünyada tanındı. ÜST-nin Baş direktoru Azərbaycanın təcrübəsini nümunə göstərir. Çünki Azərbaycanın təcrübəsi rasional xarakter kəsb edir. Praqmatik siyasət yürüdən rəhbərlər yalnız bu günlə deyil, gələcəklə yaşayırlar. Azərbaycan Prezidenti də öz şəxsi nümunəsi, dövlətimizin nümunəsi ilə başa saldı ki, bədbinliyə qapılmaq lazım deyil. Özünü ələ almaq və davam etmək lazımdır.

Dəstək Proqramının əhəmiyyətindən danışan politoloq bildirib ki, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə vəziyyətini sabit saxlamaq üçün dövlət büdcəsindən 2,5 milyard manat vəsait ayrılıb. Proqram çərçivəsində işsiz insanlara birdəfəlik müavinətlər verilir. Dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib, kommunal ödənişlərə güzəşt edilib. Ölkədə səhiyyənin inkişafı məsələsinə toxunan T.Abbasov müalicə alanlar üçün müasir tipli xəstəxanalarda, klinikalarda hər cür şəraitin təmin olunduğunu qeyd edib. Bildirib ki, ölkəmizdə vəziyyət ciddi nəzarət altındadır və vətəndaşların rifahı naminə bütün mümkün vasitələrdən istifadə olunur.

Sonda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün əhəmiyyətini bir daha vurğulayan politoloq deyib: “Zirvə görüşü geosiyasi baxımdan həqiqətən bənzəri olmayan bir gedişat idi. Videokonfrans iştirakçıları Azərbaycan liderinin müdrikliyini, humanizmini, praqmatik siyasətini yüksək dəyərləndirdilər. Bu görüş vasitəsilə dünya səviyyəsində Prezident İlham Əliyevin imzası ilə böyük bir təcrübə toplandı və Azərbaycan Prezidenti bütün dünyaya mesaj göndərdi ki, biz bu bəladan ancaq birliyimizlə, dəstəyimizlə xilas ola bilərik”.


Create Account



Log In Your Account