May 04 2020 16:52
Elshad Aliyev
Views: 140

“Bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən ikinci Zirvə görüşüdür. Sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mənim təşəbbüsümlə aprelin 10-da COVİD-19-a qarşı Zirvə görüşü keçirilib”.    

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru həmin Zirvə görüşündə də iştirak edib və dəyərli tövsiyələrini verib: “Qoşulmama Hərəkatının ÜST və onun Baş Direktoruna dəstək adlı 9 aprel tarixli bəyanatını məmnuniyyətlə qeyd etmək istərdim. ÜST Baş Direktoru tərəfindən 23 martda mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq ÜST-ə 5 milyon dollar könüllü maliyyə yardımı ayırdı. Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik, zəruri və qabaqlayıcı tədbirlər həyata keçirib. Mənim sərəncamımla ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılıb. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb. Virusun müalicəsi və diaqnostikası üçün zəruri olan laborator testlər, bəzi tibbi avadanlıq və ləvazimatlar Azərbaycana gətirilib. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir”.

Prezident İlham Əliyev qeyd edib ki, indiyə qədər ölkə üzrə 160 mindən artıq test keçirilib: “Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanıb. Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Son 3 həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika müsbətdir. Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini digər Qoşulmama Hərəkatına üzv dövlətlərlə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır”.


Create Account



Log In Your Account