Feb 14 2019 13:52
Ferah Sabirqizi
Views: 215

“Prezident İlham Əliyevin Beyləqana səfəri müsbət məqamlarla yadda qalıb. Dövlət başçısının əhvalından görünür ki, Beyləqanda görülən işlər onu qane edib”.

Bu sözləri 80 saylı İmişli - Beyləqan seçki dairəsinin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

Deputat Prezident İlham Əliyevin Beyləqana səfəri zamanı ictimaiyyətlə görüşü ilə bağlı bəzi məqamlara toxunub:

“Ölkə başçısının ictimaiyyət arasına çıxaraq, onlarla ünsiyyətdə olması, problemləri ilə maraqlanması, sakinlərin də onu qucaqlaması, hətta birlikdə mahnı oxumaları xalq və Prezident münasibətlərinin əyani sübutudur. Dövlət başçısı əhali arasında böyük nüfuza malikdir, xalq onu sevir. Görüşdəki əhval-ruhiyyə, Beyləqan sakinlərinin sevinci və Prezident İlham Əliyevin vəziyyətdən razı qalması məni olduqca qürurlandırdı. Dövlət başçısı ictimaiyyətlə görüşü zamanı insanların problemlərini yerindəcə həll etdi. Çünki o, bu məsələlərə çox həssaslıqla yanaşır. Evi dağılan qadına mənzil verilməsi, 36 mənzilli yaşayış binasının inşası ilə bağlı, Beyləqanın ən böyük kəndlərindən biri olan Dünyamalılar kəndindəki məktəbin tikilməsi üçün vəsaitin ayrılması Prezidentin xalqın problemlərinə həssas yanaşmasının göstəricisidir. Prezident İlham Əliyev insanlara həmişə diqqət və qayğı göstərib. Bunu müxtəlif görüşlərdə də müşahidə etmişik. Prezident İlham Əliyevin hadisə bölgələrinə getməsini, təhlükə ilə üzləşən insanlara diqqət göstərməsini, dövlət başçısının 2016-cı ildə ermənilərin mülki əhalini atəşə tutması nəticəsində zərərçəkən insanların evlərində olmasını, tanınmış ictimai-siyasi xadimlərə, mədəniyyət işçilərinə, jurnalistlərə göstərilən diqqəti, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, müalicə xərclərinin qarşılanmasını qeyd edə bilərik. Biz bunların şahidi olmuşuq. Bu məsələlərə yüz minlərlə vəsait ayrılıb. Prezident bölgələri səfəri zamanı həmişə insanları dinləyib, problemlərini həll edib".

Ölkə başçısının hər zaman vurğuladığı ifadəni xatırladan deputat bildirib ki, cənab Prezidentin söylədiyi kimi hər bir məmur xalqının xidmətçisidir:

“Məmurlar xalqın qayğısına qalmalıdır. Ölkə başçısı atdığı addımları ilə bu nümunəni bütün məmurlara göstərməkdədir. Son dövrlərdə Azərbaycan Prezidentinin şəhid ailələri ilə görüşü, zəlzələ bölgəsinə səfəri zamanı zərər çəkən vətəndaşlarla səmimi münasibəti, ötən gün Beyləqanda xalqla bərabər olması, yaşından asılı olmayaraq hər kəsə göstərdiyi isti münasibət, körpə uşaqlara olan qayğı, ahıllarla mehriban davranış bir nümunədir”.

Deputat bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial-iqtisadi inkişaf və ictimai-siyasi sabitliyə nail olunması xarici ünsürlərin ölkəmizə yönəldilmiş təxribat kampaniyalarına layiqli cavabdır.

“Ölkəmiz uğurla inkişaf edir və bütün sahələr üzrə əldə etdiyimiz nailiyyətlərin sayı günü-gündən artır. Təbii ki, bu uğurlar bundan sonra da olacaq. Bu gün Azərbaycan vətəndaşı ölkə başçısının apardığı siyasətdən tam razıdır. Xalqımız xarici ünsürlərin ölkəmiz haqqında dediyi ifadələrlə heç zaman razılaşmır və onu qətiyyətlə pisləyir”.


Create Account



Log In Your Account