Jan 19 2017 10:57
Ulviyye Sabirqizi
Views: 1773

Prezident İlham Əliyev Davosda Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb. Görüşdə ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İki ölkənin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi, daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb. İnvestisiya, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb. Görüşdə “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri, həmçinin İon-Adriatik boru kəməri ilə bağlı mövcud planlar müzakirə edilib. Gələn ay Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti görüşünün keçiriləcəyi bildirilib. TAP, TANAP və “Şahdəniz” layihələrinin maliyyələşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərovla da görüşüb. Şirkətin Azərbaycandakı fəaliyyətinin yaxşı tarixə malik olduğunu deyən dövlət başçısı “LUKOIL”un Azərbaycanda həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirib. Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirib. Söhbət zamanı “Şahdəniz” layihəsi ilə bağlı həyata keçirilən tədbirlər, “LUKOIL” tərəfindən Xəzərin Rusiya sektorunda hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəqli, həmçinin dünyada neftin qiymətinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Prezident İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb. Dövlət başçısı Azərbaycanla “Statoil” şirkəti arasındakı əməkdaşlığın böyük tarixi olduğunu deyib, əlaqələrin uğurlu və davamlı xarakter daşıdığını bildirib. Söhbət zamanı “Azəri-Çıraq-Günəşli”, o cümlədən “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” və “Aypara” yataqları, həmçinin “Statoil” ilə SOCAR arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani ilə görüşüb. Prezident İlham Əliyev xalqlarımız arasında tarixi, mədəni əlaqələrin olduğunu qeyd edərək, Məsud Bərzaninin atasının vaxtilə bir müddət Azərbaycanda yaşadığını xatırlayıb. Məsud Bərzani atasının xatirəsini yad etdiyi üçün dövlət başçısına minnətdarlığını bildirərək, atasının Bakı ilə bağlı xatirələrini hər zaman məmnunluqla yad etdiyini vurğulayıb. Görüşdə Azərbaycan ilə İraq Kürdüstan Regional Hökuməti arasında energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilib.
Prezident İlham Əliyev Davosda “Microsoft” şirkətinin dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti xanım Toni Tauns-Vitley ilə görüşüb.

Görüşdə Azərbaycanda inkişafın yeni mərhələsində həyata keçirilən iqtisadi islahatlardan danışılıb, informasiya-kommunikasiya texnologiyalarının tərəqqisinin prioritet sahələrdən biri olduğu bildirilib. Milli iqtisadiyyatın modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadənin əhəmiyyətli olduğu qeyd edilib.

 


Create Account



Log In Your Account