Feb 20 2019 15:37
Ferah Sabirqizi
Views: 161

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən il keçirilən toplantısından bəri layihədə ciddi irəliləyişə nail olunub. Bu barədə prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında çıxışında bildirib. Qeyd edib ki, ötən bir il ərzində  iki mühüm tədbir keçirilib –mayda Cənub Qaz Dəhlizinin, iyunda isə TANAP-ın rəsmi açılışları olub. Bunlar “Şahdəniz” yatağının istismarı və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından mühüm hadisələrdir.

Prezident bildirib ki, bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınıq. Onun dörd elementindən üçü artıq hazırdır və istifadə olunur. TANAP layihəsinin istifadəyə verilməsindən sonra 1 milyard kubmetr qazın Türkiyə bazarına ixrac olunub. Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş olduğun deyən prezident İlham Əliyev bildirib ki, ötən ilin fevralında TAP-ın hazırlığının 67 faiz səviyyəsində idisə, indi son göstəricilərə görə bu rəqəm 87 faizdir.

“Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Çünki o, həmçinin nəqliyyat marşrutlarını və mənbələri şaxələndirir” – deyən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və yeni kəmərlər inşa etməklə biz enerji marşrutlarını şaxələndiririk. “Bu, tam şaxələndirmədir, əslində, bu, Avropanın enerji xəritəsini dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin əhəmiyyəti artır”.

Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak edib. Günter Ottinger toplantıda çıxış edib. Bildirib ki, Avropa İttifaqı strateji əhəmiyyətə malik Cənub Qaz Dəhlizi layihəsinin yaxın zamanlarda tamamlanması üçün üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiyalarla davam etdirib.


Create Account



Log In Your Account