Apr 20 2020 17:00
Elshad Aliyev
Views: 348

Biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji təminatı necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər: “Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır. Eyni zamanda, “Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. Çünki bu stansiyaların əksəriyyəti çoxdan tikilib. Bu stansiyalarda mövcud vəziyyət bizi heç cür qane edə bilməzdi”.

“Azərenerji”nin böyük planları var və hesab edirəm ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək. Bir daha demək istəyirəm ki, bütün bu müsbət dinamika və eyni zamanda, sabitlik ona gətirib çıxardı ki, xarici investorlar Azərbaycana pul qoymaq qərarına gəlmişlər. Bu ilin yanvar ayında ilkin razılaşma əldə edildi və bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik 2 böyük şirkət Azərbaycanla ilkin sazişləri də imzaladı. Bu sazişlər əsasında ölkəmizdə 440 meqavat gücündə - biri külək, biri günəş olmaqla, 2 stansiya tikiləcəkdir, sırf xarici investorların hesabına. Onu da bildirməliyəm ki, bu layihələri icra etmək, yəni, investisiya qoymaq istəyən şirkətlərin sayı 7 idi. Mən ad çəkmək istəmirəm, onların arasında dünyanın ən böyük enerji şirkətləri də vardı. Ancaq müsabiqə onu göstərdi ki, 2 şirkət daha gözəl şərtlər verib və onlar artıq bu işləri başlamalıdırlar. Düzdür, bu koronavirus araya girdi, ola bilər ki, müəyyən yubanma olsun, amma prinsip etibarilə ilkin razılaşmalar əldə edilib. Bu, öz növbəsində, digər şirkətlərə də yol açacaq. Bizim bərpa olunan enerji potensialımız çox böyükdür, günəş, külək bizdə boldur. Ona görə əmin edirəm ki, həm yerli, həm də xarici şirkətlər bu sahəyə maraq göstərəcəklər”, - deyə Azərbaycan Prezidenti qeyd edib.


Create Account



Log In Your Account