Jan 22 2019 12:42
Ferah Sabirqizi
Views: 237

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

Görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi.

Söhbət zamanı Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Prezident İlham Əliyevi yenidən Davosda görməkdən məmnunluğunu bildirdi və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını qeyd etdi. Borge Brende son iyirmi ildə Bakının sürətlə tanınmaz dərəcədə dəyişdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək dedi ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artdığını vurğulayan Prezident İlham Əliyev əminliklə bildirdi ki, biz bu vacib layihədə yaxşı tərəfdaşlar olacağıq.

Prezident İlham Əliyev növbəti dəfə Dünya İqtisadi Forumunda iştirakından və Forumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Forumun dünyada gedən transformasiya prosesinin yeni təmayülləri və çağırışların müzakirəsi baxımından əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Azərbaycanın öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla qurduğunu bildirdi.

Prezident İlham Əliyev ölkəmizdə aparılan islahatlar, inkişaf prosesləri barədə məlumat verdi, böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının həm ölkəmiz, həm də region üçün əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verdi.

Borge Brende Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıqdan və ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rolu var. Dünya İqtisadi Forumu bu rolu qiymətləndirir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb.

***

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Visa” şirkətinin prezidenti Rayan MakInerni ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğuladı. O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında “Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirdi. Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd etdi, bunun başqa ölkələr üçün də nümunə olduğunu dedi.

Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında “Visa” brendli kartlardan geniş istifadə edildiyini deyən Rayan Maklnerni şirkətin ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu, bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazır olduqlarını vurğuladı.

Prezident İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinqlərdə, məsələn, “Doing Business 2019” hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirdi. Dövlətimizin başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə etdi.


Create Account



Log In Your Account