Jul 10 2018 13:06
Ferah Sabirqizi
Views: 147

“Ermənistanı bu ağır vəziyyətə salan onların işğalçı siyasətidir”.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı belə deyib. Dövlət başçısı bildirib ki, aprel döyüşlərindən sonra Ermənistanda Sarkisyan rejiminin uzun illər ərzində yaratdığı güclü ordu mifi dağılıb. İndi Ermənistan əhalisi də Azərbaycanla ölkələri arasında kəskin fərqi anlayır.

“Əgər işğal olmasaydı, Ermənistan da bizim təşəbbüsümüzlə icra edilən layihələrdə yer ala bilərdi. Onlar da başqa ölkələr kimi bizim imkanlarımızdan faydalana bilərdilər və əlbəttə ki, onların iqtisadi vəziyyəti bu gün yaxşı ola bilərdi. O kriminal, 20 il ərzində erməni xalqının qanını içən oğru rejimin siyasəti nəticəsində onlar bu vəziyyətə düşdülər. Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək”.

Dövlət baççısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız bir həlli var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır.

“Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq”.

Ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndiyini, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini xatırladan prezident bildirib ki, bir çox ölkələrlə imzalanan sazişlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ordusunun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi bunu bir daha göstərir. Azərbaycan silahlı qüvvələrinin gücü Ermənsitana da məlumdur.

“Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz məğlubiyyətlərinin etirafıdır. Əgər səndə güclü ordu varsa niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən? Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən. O vaxt Azərbaycanda anti-milli, satqın hakimiyyət hökm sürürdü, fərarilər hakimiyyəti hökm sürürdü. Həmin o fərarilərin tör-töküntüləri bu gün də özlərini müxalifət adlandırırlar. O vaxt qaçıb gizlənmişlər, ölkəmizi bərbad vəziyyətə qoymuşlar, torpaqlarımızı satmışlar. AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır. Bəlkə də Azərbaycanın çoxəsrlik tarixində bunlar qədər xəyanətkar, satqın olmamışdır. Bax bu səbəblərdən o vaxt Ermənistan xarici dövlətlərin birbaşa iştirakı və dəstəyi ilə torpaqlarımızı zəbt etmişdir. Amma indi bizdən şikayət edir, beynəlxalq təşkilatlara müraciət edir ki, gəlin, bizə kömək edin, gəlin, Azərbaycan bizi boğacaq. Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən. Yoxsa qorxu içində yaşayan ölkələr, insanlar daim stress içindədirlər. Bu, onların psixoloji durumuna da mənfi təsir göstərir. Biz bunu indi görürük və daha da böyük fəsadlar ola bilər”.

Azərbaycan ordu quruculuğu istiqamətində inamla irəliləyir. Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik – deyən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın istənilən hərbi texnikanı almaq üçün böyük maliyyə ehtiyatları var. Bu il büdcəyə edilən dəyişikliklər eyni zamanda, ordu xərclərinin artırılmasına istiqamətləndirilib. Gələn də bizim hərbi xərclərin yüksək səviyyədə olması nəzərdə tutulur.


Create Account



Log In Your Account