Aug 06 2020 17:45
Elshad Aliyev
Views: 152

Nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə modul tipli xəstəxanaların yaradılması istiqamətində görülən işlərdən danışıb: “Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilib. Onlardan 4-ü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”.

Prezident bildirib ki, Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilib, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. Eyni zamanda, iki Olimpiya İdman Kompleksi qısa müddət ərzində xəstəxanaya çevrilib. Artıq bu komplekslərin hər birində lazım olarsa 300-ə yaxın xəstə müalicə ala bilər.

“Qabaqlayıcı tədbirlər deyəndə, əlbəttə ki, bütün bu amillər nəzərə alınır. Çünki biz ən kritik ssenariyə hazır olmalıyıq. Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Bir daha demək istəyirəm ki, son üç həftə ərzində xəstələnənlərin sayı azalmaqdadır. Bütün bu addımlar, əlbəttə, imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxaq, insanlarımızı qoruyaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.


Create Account



Log In Your Account