Aug 13 2018 09:21
Ferah Sabirqizi
Views: 328

Avqustun 12-də Aktauda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olub. Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV görüşdə çıxış edərək ölkəsində nəqliyyat sahəsində görülən işlərdən danışaraq Kurık və Lyanyunqan limanlarının açıldığını bildirdi, Asiyadan Avropaya yüklərin tranziti ilə bağlı Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayaraq bildirdi:

-Bugünkü görüş və nəhayət, bu Konvensiyanın imzalanması çox mühüm hadisədir. Xatırlayıram ki, Heydər Əliyev bunun üzərində çox güclü işləyib. Mən demişəm. Mən düşünürəm ki, indi o, bizim nəhayət, bu Konvensiyanı imzalamağımıza, bu çox mühüm məsələni həll etdiyimizə görə çox şad olardı. Mən Sizə böyük uğurlar arzulayıram.

Azərbaycan Prezidenti İlham ƏLİYEV görüş zamanı qardaş Qazaxıstan torpağında yenidən olmasına çox şad olduğunu bildirib: "Mən birinci dəfə deyil ki, Aktaudayam və ilk növbədə, Sizi böyük nailiyyətlər, dəyişikliklər münasibətilə təbrik etmək istərdim. Şəhər dəyişib, müasirdir, xeyli müasir binalar var, infrastruktur, aeroport. Belə ki, bu, Qazaxıstanın və Qazaxıstan regionlarının dinamik inkişafının göstəricisidir. Əlbəttə ki, bu region həm coğrafi, həm tarixi, həm də Sizin burada həyata keçirdiyiniz infrastruktur layihələri baxımından bizim üçün çox yaxındır. Kurık limanının açılışı münasibətilə təbriklərimi çatdırıram. Əlbəttə ki, bunlar bizə daha sıx inteqrasiya etməyə imkan yaradacaq. Siz bilirsiniz ki, biz may ayında Ələt limanını açdıq. Yəni, bütöv nəqliyyat inteqrasiyası baş verib. Əlbəttə ki, bir-birimizin tranzit imkanlarından istifadə iqtisadi və siyasi nöqteyi-nəzərdən çox səmərəli olacaq. Xəzər çox mühüm nəqliyyat arteriyasına çevrilib və əlbəttə ki, bu gün Konvensiyanın imzalanması tarixi xarakterli sənəddir.

Bir çox mürəkkəb məsələlər üzrə konsensusun əldə edilməsində Sizin rolunuzu xüsusi qeyd etmək istərdim. Əlbəttə ki, Xəzərin bundan sonra da regionda sabitləşdirici rol oynaması üçün biz Konvensiyanın bütün müddəalarının yerinə yetirilməsinə səy göstərəcəyik. Bizim ikitərəfli münasibətlərimizə gəlincə, onlar çox dinamik inkişaf edir. Biz Sizin ötənilki səfərinizi xatırlayırıq. Nəticələr yaxşıdır, fəal əməkdaşlığın davam etdirilməsinə ümid edirik".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Aktauda İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə də görüşüb.

Görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin həyata keçirdiyi birgə iqtisadi layihələrin yaxşı nəticələr verdiyi vurğulandı. Enerji, nəqliyyat və infrastruktur sahələrində, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlığın uğurla həyata keçirildiyi qeyd olundu.

Prezidentlər Xəzəryanı dövlətlərin dövlət başçılarının Qazaxıstanda keçirilən V Zirvə toplantısının və Xəzərin hüquqi statusu haqqında imzalanan Konvensiyanın əhəmiyyətini vurğulayaraq onun gələcəkdə Xəzəryanı ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə etdilər.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.


Create Account



Log In Your Account