Apr 15 2020 14:32
Elshad Aliyev
Views: 120

Koronavirus pandemiyasının nəticəsi olaraq dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bəzi dövlətləri təşvişə salaraq onları çıxış yolu axtarmağa vadar edib.

Beynəlxalq Valyuta Fondunun (IMF) direktoru Kristalina Georgiyeva bəyan edib ki, dünyanın 189 ölkəsinin 170-də ümumi daxili məhsul (ÜDM) ciddi şəkildə aşağı düşəcək. Pandemiya səbəbindən cari ilin ikinci yarısında iqtisadi inkişaf müşahidə edilməyəcək. Lakin gələn ildən başlayaraq dünya iqtisadiyyatında inkişaf tempi müşahidə olunacaq. Hazırda qlobal iqtisadiyyata 5 trilyon dollar zərər dəyib.

Azərbaycanda neft ixrac edən ölkələr sırasındadır və qiymətlərin dəyişməsi milli iqtisadiyyata da təsirsiz ötüşmür. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı istiqamətində beynəlxalq səviyyəli tədbirlər həyata keçirilib ki, bu da ölkəmizin qarşıdakı böhrandan itkisiz çıxmasına imkan yaradıb. Ölkə başçısının təşəbbüsü ilə reallaşdırılan beynəlxalq layihələrdən bir neçəsini göstərərək yalnız birinin üzərində dayanmaq istərdik. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi beynəlxalq əhəmiyyətli layihələr Azərbaycanın gələcək iqtisadi inkişafı üçün böyük zəminlər yaradıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə cəlb edilməsi isə strateji mahiyyət daşıyan bir addım idi. Həmin layihəyə qoşulmaqla Azərbaycanın uzun illər ərzində iqtisadi inkişafı təmin edilir. Bu istiqamətdə mühüm işlər görünülüb. Layihə çərçivəsində Azərbaycan-İran sərhədindən 1,4 kilometr uzaqlıqda, qonşu dövlətin ərazisində Astara yük terminalı inşa edilib və 2 il əvvəl tikintisinin birinci mərhələsi başa çatan terminalda ilk yük qatarı qəbul olunub. Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə sınaq yük qatarı İran ərazisinə daxil olub, terminalda vaqonların boşaldılması prosesi həyata keçirilib və beləliklə, Astara terminalı fəaliyyətə başlayıb. Terminalın tikintisi 2017-ci il iyunun 13-də imzalanan ikitərəfli razılaşmaya əsasən, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılır.

Hazırda Astara terminallar kompleksinin daxilində artıq ümumi yük terminalı inşa edilib və üç xətdən ibarət 1800 metr terminaldaxili dəmir yolları çəkilib. Bundan başqa terminalda 1440 kvadratmetr sahəsi olan, yüklərin aşırılmasında istifadə edilən platforma tikilib. Eyni zamanda, terminal daxilində administrativ bina inşa olunub ki, hazırda burada İranın gömrük orqanları yerləşdirilib. İkinci administrativ binanın tikintisi isə hazırda davam etdirilir. Ərazidə müasir təhlükəsizlik və işıqlandırma sistemləri quraşdırılıb. Yaxın zamanlarda daha 4 terminaldaxili xəttin tikintisi aparılacaq, mövcud platforma daha da genişləndiriləcək.

Astara terminalından keçən yüklərin həcminə gəlincə, 2019-cu ildə terminaldan aşırılan yüklərin həcmi 400 min tonadək olub. Terminalın fəaliyyəti dövründə, yəni 2018-2019-cu illərdə burada aşırılan yüklərin ümumi həcmi isə 700 min tona yaxın təşkil edib. Cari ilin yanvar ayında isə Astara terminalı vasitəsilə 38 min tonadək yük aşırılıb. Terminalda nəzərdə tutulan infrastruktur işlərinin həyata keçirilməsindən sonra buradan keçən yüklərin həcminin dəfələrlə artacağı gözlənilir. Bununla yanaşı, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi istiqamətində də işlər görülür.

Tehran Universitetinin professoru, politoloq Sədrəddin Soltani hesab edir ki, postpandemiya dövründə dünya iqtisadiyyatında inkişaf meyilləri daha artacaq. Asiya ilə Avropa arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollar olacaq. Bu dövriyyənin təmin edilməsi üçün isə nəqliyyat vasitələri və marşrutlar mühüm rol oynayır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi isə yüklərin Asiyadan Avropaya daşınmasını tez və təhlükəsiz çatdırılmasını təmin edir.

Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək bu dəhliz haqqında ilk razılaşma aktı 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda imzalanıb. Azərbaycan bu sazişə 5 il sonra - 2005-ci ildə qoşulub. Sonrakı illərdə ümumilikdə 13 ölkə bu sazişə imza ataraq ratifikasiya edib. Dəhliz bir neçə əsas istiqamət üzrə formalaşır - Hindistan-Rusiya-Qafqaz-Körfəz ölkələri; Mərkəzi Asiya-Körfəz ölkələri; Xəzər dənizi-İran-Körfəz ölkələri və sair üzrə yükdaşıma fəaliyyətini nəzərdə tutur. Bu istiqamətlər arasında Azərbaycan üçün ən maraqlı istiqamət yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirilməsi, sonra qatar və avtomobillərlə İranın mövcud dəmir və avtomobil yolları ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir və avtomobil yollarına ötürülməsi və buradan da Azərbaycan vasitəsilə Rusiyaya, Şimali Avropa ölkələrinə çatdırılmasıdır. Hazırkı marşrut üzrə (Süveyş kanalı) yüklərin çatdırılma vaxtı 45-60 gündür, “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə isə bu müddətin 14-20 günə endirilməsi gözlənilir.

Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışı olub. Yaxın gələcəkdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək. Bütün bunlar ölkələrimizin nəqliyyat-tranzit və iqtisadi-ticarət potensialını gücləndirəcək.

Göründüyü kimi, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində apardığı islahatlar olduqca səmərəlidir. Qeyd etmək lazımdır ki, burada Azərbaycan yalnız gömrük rüsumları toplamayacaq. Yük qatarlarına texniki xidmətin göstərilməsi, şirkətlərin Bakıda nümayəndəliklər yaratması və başqa məsələlərin həlli yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına səbəb olacaq. Prezident İlham Əliyevin 2006-cı ildə Azərbaycanı “Şimal-Cənub” dəhlizinin formalaşmasına cəlb etməsi uzaqgörən iqtisadi siyasətin təşəkkül tapması idi. Beləliklə, Prezident İlham Əliyevin iqtisadi islahatları nəticəsində qeyri neft sektorunun inkişafı Azərbaycanın postpandemiya dövrünə tam hazır olduğunu deməyə əsas verir.


Create Account



Log In Your Account