Apr 14 2020 18:05
Elshad Aliyev
Views: 168

Prezident İlham Əliyevin “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2020-ci il 14 aprel tarixli Sərəncamı xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan yaşı 65-dən yuxarı vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət etməklə, eyni zamanda, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir.

Sənəddə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sərəncam DSMF-nin rayon (şəhər) şöbələrindəki 1400 və Fondun tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 600 nəfəri, ümumilikdə, isə 2 min sosial xidmət işçisini əhatə edir.

Onların əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən ediləcək.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə onların evdən çıxmaları qadağan edilib. Bununla əlaqədar dövlət başçısının göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə, gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha yaşayan şəxslər evlərində gündəlik sosial xidmətlərlə təmin olunur.

Hazırda bu kateqoriyadan olan 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir. DSMF-nin 9 sosial xidmət müəssisəsində isə 1000-dən çox şəxs stasionar şəraitdə reabilitasiyayönümlü sosial xidmətlərlə təmin olunur.


Create Account



Log In Your Account