Dec 18 2018 12:41
Ferah Sabirqizi
Views: 518

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 18-də Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, bu binada 1934-cü ildə Bakı Şəhər Səhiyyə Şöbəsinin nəzdində Balneofizioterapiya İnstitutu yerləşib. İki il sonra isə bu institutun bazasında Azərbaycan Dövlət Kurortologiya və Fizioterapiya İnstitutu yaradılıb. 1988-ci ildə bu institut Naftalan şəhərindəki problem laboratoriyası ilə birləşdirilərək Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutu adlandırılıb. 1999-cu ildə isə bu tibb müəssisəsinin adı profili və fəaliyyətinə uyğunlaşdırılaraq Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna dəyişdirilib.

Azərbaycanda bütün sanatoriya və kurort müəssisələrinin elmi cəhətdən əsaslandırılması, orada aparılan müalicə bu institut tərəfindən hazırlanmış elmi-metodiki tövsiyələr əsasında aparılır. İnstitutda konsultativ poliklinika, stasionar, diaqnostik tədqiqatlar və fiziki üsullarla müalicə şöbələri fəaliyyət göstərir. Tibb ocağının stasionar hissəsində terapiya, artrologiya və nevrologiya bölmələri olacaq. Diaqnostik tədqiqatlar bölməsində 3 laboratoriya yaradılıb. Kliniki-immunologiya, biokimyəvi və kliniki neyrofiziologiya laboratoriyalarında ən müasir avadanlıq quraşdırılıb. Bu avadanlıq laborator müayinələri qısa müddətə, həm də keyfiyyətlə aparmağa hərtərəfli imkan verir. Müalicəvi şöbələrə isə Naftalan nefti ilə müalicə, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin müalicəvi bədən tərbiyəsi kabineti aiddir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutundakı oftalmoloq, stomatoloq, terapevt, USM, EKQ, balneoloji vanna və digər otaqlar da müasir tibbi avadanlıqla təchiz olunub.

İnstitutun elm bölməsində 43 elmi işçi, klinika bölməsində 43 həkim, 76 tibb bacısı və 118 nəfər digər işçi olmaqla, burada ümumilikdə 280 nəfər çalışır. İşçilərin 20 nəfəri Fəlsəfə doktoru, 3 nəfəri tibb elmləri doktoru, 2 nəfəri professor, 1 nəfəri isə professor, Əməkdar elm xadimi olmaqla AMEA-nın müxbir üzvüdür.

Son illərdə müasir tibb müəssisələrinin yaradılması, mövcud sağlamlıq ocaqlarının yüksək səviyyədə yenidən qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra edilən layihələrin mühüm tərkib hissəsidir. Səhiyyə sistemində aparılan ardıcıl islahatlar nəticəsində bu gün bu sahə yeni, müasir mərhələyə qədəm qoyub. Bu cür müasir səhiyyə ocaqlarının yaradılması, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması və bərpası, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır.

Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.

Səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.


Create Account



Log In Your Account