Bakı Metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 12-də istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub.
Xatırladaq ki, Bakı Metropoliteninin "Xətai" stansiyası ötən il sentyabrın 27-də təmirə bağlanıb.
Təmir müddətində stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülərək əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılıb. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülüb, vestibülün əsaslı təmiri aparılıb.
"Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənib, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunub. Həmin müddət ərzində, həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatıb.