Apr 27 2020 16:31
Elshad Aliyev
Views: 146

Aprelin 27-də Litva tərəfinin təşəbbüsü ilə Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında danışıblar. 

Litva Prezidenti Qitanas Nauseda Ramazan ayı münasibətilə Azərbaycan Prezidentini təbrik etdi.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi.

Dövlət başçıları ikitərəfli münasibətlərə toxunaraq, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının önəmini qeyd etdilər və pandemiya başa çatdıqdan sonra Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin vacibliyini bildirdilər.

Litva Prezidenti Qitanas Nauseda Şərq Tərəfdaşlığına üzv ölkələrin bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan Zirvə toplantısına hazırlıq dövründə Şərq Tərəfdaşlığı Proqramı və ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin vəziyyəti ilə bağlı Prezident İlham Əliyevdən fikirlərini bölüşməyi xahiş etdi.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak etməklə bərabər, Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verir və bu təşkilatın doqquz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə dair sənədlər imzalamışdır. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələri əhatə edir.

Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıldı. Litva Prezidenti Qitanas Nauseda pandemiyaya qarşı mübarizədə Azərbaycanın əhəmiyyətli uğurlar qazandığını bildirdi.

Prezident İlham Əliyev koronavirus pandemiyasının başladığı ilk günlərdən Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu və ölkəmizin pandemiya ilə mübarizədə beynəlxalq səyləri və əməkdaşlığı dəstəklədiyini vurğuladı.


Create Account



Log In Your Account