May 13 2020 16:44
Elshad Aliyev
Views: 165

Hər zaman pandemiya onu yaşayan cəmiyyət üçün stresə səbəb olur. Belə gərgin durum istər-istəməz insanların psixologiyasına təsir edir.

CBC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bildirib. Onun sözlərinə görə, insanların psixoloji durumu tam fərqli olduğuna görə, onlar bu cür situasiyalara müxtəlif cür reaksiya verirlər. Belə dövrlərdə insanlar əsasən iki psixoloji qrupa bölünür: virusdan qorxanlar və onun varlığını inkar edənlər. Həddindən artıq həssas, tez həyəcanlanmağa meyilli insanlar qorxuya düşürlər. Həkim kimi deyə bilərəm ki, bu qrupa aid insanlarda belə dövrdə həddən artıq narahatlıq yaranır, həyəcanlanmaları kəskinləşir. Bu hal xüsusilə də müxtəlif xəstəliklərdən qorxan insanlarda müşahidə edilir.

Digər psixoloji qrupa aid insanlar isə pandemiyaya əks reaksiya verənlərdir. Yəni, onlar düşünürlər ki, belə bir virus yoxdur, bunların hamısı boş söhbətlərdir. Bu, adi soyuqdəymədir. Sanki həmin insanlar reallığı inkar edir. Bütün dünya bu barədə danışsa da, yalnız onlar reallığı qəbul etmirlər. İstər birinci, istərsə də ikinci psixoloji hal insanın davranışına təsir edir.

Rektorun sözlərinə görə, ikinci qrupa aid olan insanlar, yəni virusun, xəstəliyin varlığını inkar edənlər bu gün üçün daha təhlükəlidir: “Çünki həddindən artıq qorxan adam ancaq özünə əzab verir, yalnız özü bundan əziyyət çəkir, özünü qorusa da, stress keçirir, bu, onda yuxu pozuntusu, iştahasızlıq kimi hallara gətirib çıxarır. Bu vəziyyət artıq çoxaldıqda ailə üzvləri onu psixiatr müayinəsinə aparır. İkinci qrupa aid olanlar isə xəstəliyə inanmadıqları üçün təhlükəsizlik qaydalarına da riayət etmirlər - sosial məsafəni qorumur, maska taxmırlar və digər tövsiyələri yerinə yetirmirlər. Nəticədə yalnız özləri üçün yox, həm də yaxınları, ailə üzvləri, ətrafdakıların hamısına risk yaratmış olurlar.

Koronavirusun müəyyən simptomları var. Onu bəziləri ağır keçirir, amma yüngül formada keçirənlər də olur. Bu, xəstənin yaşından, yanaşı gedən xəstəliklərdən və insanın immunitetindən asılıdır. Tam səmimi deyə bilərəm ki, COVID-19-a yoluxan insanlarda xəstəliyin necə keçəcəyini, hansı formada olacağını əvvəlcədən bilmək mümkün olmur. Təəssüflə qeyd edim ki, istər ölkə rəhbərliyi, istər səhiyyə orqanlarının dəfələrlə müraciətinə baxmayaraq, insanlar hələ də buna yüngül bir hal kimi yanaşırlar.

Əslində, indi koronavirus hər kəsin psixologiyasında dominantlıq təşkil edir. Fikir verin, hamımız mətbuatdan asılıyıq, hər birimiz xəbərləri, göstəriciləri diqqətlə izləyirik. Dünya üzrə statistikanın təhlili göstərir ki, hansı ölkədə vətəndaşlar problemin məsuliyyətini dərk edib, qaydalara karantin tədbirlərinə daha çox riayət edirlərsə, həmin ölkələrdə xəstə və yoluxma sayı da azalır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, ölkəmizdə yoluxma sayında azalma tendensiyası heç kimi arxayın etməməlidir. Çünki karantin rejimi bir qədər yumşaldılan kimi rəqəmlər artır. Əgər birinci dalğanı yaşamışıqsa, heç kim bizi ikinci dalğadan sığortalamır və bunun birincidən yumşaq olacağı zəmanətini də verə bilməz. Buna görə də hər kəs bilməlidir ki, təhlükəsizlik qaydaları bütün xalqın, hər kəsin özünün, ailə üzvlərinin sağlamlığı üçün vacibdir”.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü olan G.Gəraybəyli fonda yığılan vəsaitlərin xərc istiqamətləri barədə də məlumat verib: “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin bir neçə istiqamətdə istifadəsi nəzərdə tutulub. Bunlardan biri də elmi tədqiqat işləri ilə bağlıdır. Biz vaxtında qabaqlayıcı tədbirlər gördüyümüzə görə, koronavirusla mübarizənin önündəyik. Bu, çox vacib məsələdir. Hazırda COVID-19-un bioloji, mikrobioloji, kliniki xüsusiyyətləri haqqında dünyada tam təsdiqlənmiş məlumatlar yoxdur. Bir ay öncə virusun xüsusiyyətləri haqqında deyilən fikirlər indi dəyişib. Hətta xəstəliyin fərqli əlamətləri də ortaya çıxır. Hələlik koronavirus infeksiyasına qarşı tam təsdiqini tapmış protokol yoxdur. Hazırda koronavirus infeksiyası üçün spesifik, məhz bu infeksiya üçün istifadə olunan müalicə üsulu da yoxdur. Hələ xəstəliyin peyvəndi də hazırlanmayıb. Peyvənd hazırlansa belə, onun effektivliyi, yan təsirlərinin necə olacağı hələ bilinmir. Məncə bu fondda olan vəsaitlərin bir qismi elmi tədqiqatlara istifadə olunmalıdır.

Mən inanıram ki, bəşəriyyət mütləq COVID-19 infeksiyasına qalib gələcək. Lakin virusla bağlı qabaqlayıcı, profilaktik tədbirlər elmi tədqiqatlara əsaslanmış təkliflər nəticəsində olmalıdır. Bu virusun forması, xüsusiyyətləri, modifikasiyası, mutasiyası, o cümlədən, müalicə üsulu öyrənilməlidir. Məhz elmi tədqiqatlara əsaslanan qərarlar verməliyik”.


Create Account



Log In Your Account