Nov 11 2019 13:07
Elshad Aliyev
Views: 53

Hesablama Palatası publik hüquqi üzərində dövlət nəzarətinin tətbiq olunmasını təklif edib. 

APA-nın məlumatına görə, bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. 

Sənəddə qeyd edilib ki, beynəlxalq təcrübəsinin araşdıran Hesablama Palatası hesab edir ki, publik hüquqi şəxsin fəaliyyətinin qanuniliyi, aktuallığı və səmərəliliyi, habelə maliyyə-təsərrüfat fəaliyyəti dövlət nəzarəti altında olmalıdır və bu nəzarəti həyata keçirən orqan qanunla müəyyən edilmiş qaydada publik hüquqi şəxsin qanunsuz qərarının qüvvədən düşməsi və ya ləğv edilməsi səlahiyyətinə malik olmalıdır. Eyni zamanda, fikrimizcə, publik hüquqi şəxslər daşınmaz əmlak əldə etmək, sərəncam vermək, kredit götürmək, bəzi xərclər üzrə hədləri müəyyən etmək üçün bu orqanın razılığını almalıdırlar. Hesablama Palatası beynəlxalq təcrübədə də tətbiq edilən yanaşmaları istifadə etməklə Azərbaycan Respublikasında da publik hüquqi şəxslərin büdcəsinin dövlət nəzarət orqanı ilə (məsələn, Nazirlər Kabineti) razılaşdırılmasını təklif edib.

Rəydə nəzərə çatdırılır ki, bəzi publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılır ki, bu da dövlət büdcəsi üçün əlavə yük yaradır. Digər tərəfdən, publik hüquqi şəxslərin mənfəəti vergilərdən azad olur ki, bu dövlət büdcəsinin gəlirlərinə azaldıcı təsir edir. Hesablama Palatası hesab edir ki, yeni yaradılan publik hüquqi şəxslərə fəaliyyətin ilk illərində dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə dəstəyinin verilməsi və dövlət sifarişi əsasında onlara dövlət büdcəsindən vəsaitlərin ayrılması təbii proses kimi qəbul edilə bilər. Lakin uzunmüddətli dövrdə davamlı olaraq publik hüquqi şəxslərə vəsaitlərin ayrılması (əsasən də dövlət sifarişi ilə bağlı olmayan istiqamətlərə) əksinə dövlət maliyyə sisteminə yük kimi qiymətləndirilməlidir. Dövlət büdcəsinin icrası ilə bağlı məlumatların təhlili göstərir ki, bəzi hallarda publik hüquqi şəxslərə dövlət büdcəsindən ayrılan vəsaitlər konkret tədbirləri əhatə edən dövlət sifarişləri ilə bağlı olmur, başqa sözlə bəzi hallarda publik hüquqi şəxslərin saxlanılması və funksional fəaliyyəti də dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Hesablama Palatası bunu nəzərə alaraq, dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılacaq vəsaitlərin məbləğinin müəyyənləşdirilməsi üçün dövlət sifarişləri əsasında göstəriləcək xidmətlərə əsaslanan maliyyələşmə mexanizmlərinin hazırlanmasını təklif edir. Rəydə qeyd edilib ki, publik hüquqi şəxslər dövlət büdcəsinin xərclərinə artırıcı təsirə malik olduğu kimi, dövlət büdcəsi gəlirlərinə də azaldıcı təsirə malikdir. Vergi Məcəlləsinə əsasən, publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunmasını nəzərdə tutan müddəalar gəlirlərin əldə olunması ilə bağlı xərclərin gəlirdən çıxılmasına yol verilməsi kimi məhdudiyyətlərə əməl olunmayacağını da əvvəlcədən ehtimal etməyə imkan verir. Bunun nəticəsində isə onlar tərəfindən maliyyə, mühasibat və vergi uçotunun (xəzinə nəzarəti ilə əhatə olunmayan hesablaşma hesabları vasitəsilə aparılan əməliyyatlar üzrə də) kommersiya qurumunda olduğu kimi deyil büdcə təşkilatında olduğu kimi aparılması ilə nəticələnə bilər. Hesablama Palaiasına görə, Vergi Məcəlləsində publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunmasını nəzərdə tutan müddəaların məhdudlaşdırılması məqsədəuyğundur. Eyni zamanda, bəzi büdcə təşkilatlarının son illər ərzində publik hüquqi şəxsə çevrilməsi bu təşkilatlar üzrə iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətdən əldə edilən gəlirlərin dövlət büdcəsinin gəlirlərinə (büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinə) aid edilməməsinə gətirib, həmin publik hüquqi şəxslərə dövlət büdcəsindən ayrılan vəsaitlərdə azalma müşahidə olunmayıb.

Dövlət büdcəsin icrası ilə bağlı Hesablama Palatasında təqdim edilmiş məlumatlara görə, 2018-ci ilin dövlət büdcəsindən 20 publik hüquqi şəxs üzrə bütün istiqamətlərdən 1,9 mlrd. manat vəsait xərc edilib, 2019-cu il dövlət büdcəsində isə bütün mənbələrdən 1,5 mlrd. manat nəzərdə tutulub. Hesablama Palatası 2019-2020-ci illərdə public hüquqi şəxslərə bölgüsü əvvəlcədən müəyyənləşdirilməmiş xərclərdən ayırmaların hesabına nəzərdə tutulmuş məbləğin artacağı qənaətindədir. Publik hüquqi şəxslər üzrə nəzərdə tutulmuş xərclərin iqtisadi təsnifat üzrə təhlili göstərir ki, bu xərclərin 64,7 mln. manatı istehlak yönlü xərclər, 116,0 mln. manat dövlət müəssisələrinə subsidiyalar, 71,0 mln. manatı yaşayış binalarının tikintisi, 322,0 mln. manatı, qurğuların (tikililərin) əsaslı təmir xərcləri üzrə, 0,1 mln. manatı bank xidmətlərinin ödənilməsi üzrə, 1,6 mln. manatı sair xərclər üzrə nəzərdə tutulub.

Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirlərinin nəticəsi göstərir ki, bəzi təşkilatların publik hüquqi şəxsə çevrilməsindən sonra, onlar tərəfindən əməyin ödənişi ilə bağlı xərclər Vahid Tarif Cədvəli üzrə deyil, nisbətən yüksək tariflərlə müəyyən edilir. Ümumiyyətlə, təhlil qurumların “publik hüquqi şəxs” statusunun yalnız bu məqsəd üçün əldə etməsi təəssüratı yaranır. Bunu nəzərə alaraq, qanunvericiliyə dövlət büdcəsindən alınan vəsaitdən əlavə illik gəliri müəyyən məbləğdən yüksək olan publik hüquqi şəxslər üzrə (təhsil və ya elmi müəssisələr istisna olmaqla) müvafiq büdcə layihəsinin, ştat cədvəlinin və əmək haqqı sənədlərinin, həmçinin bir sıra xərclərin həddinin nəzarət orqanı ilə razılaşdırmaq məcburiyyətinin olması ilə bağlı əlavələrin edilməsi məqsədəuyğundur.

 


Create Account



Log In Your Account