May 21 2019 13:47
Ferah Sabirqizi
Views: 245
Plastik, şüşə, metal, karton, kağız və kombinələşdirilmiş qablaşdırma materialları...
Qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının xüsusi rolu var və buna görə də istehsal zamanı qablaşdırma düzgün seçilməlidir. Mütəxəssislər bildirirlər ki, qablaşdırma düzgün seçilmədikdə qida ilə birbaşa təmasda olan qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya təsir edə bilər. Bu isə son nəticədə hətta zəhərlənməyə də səbəb ola bilər. 
 
Qida məhsullarının qablaşdırılması üçün bir çox qablaşdırma materialı vardır ki, onların təkrar istifadəsi qadağandır. Təkrar istifadəsi qadağan edilən qablaşdırma materialına Pet (Polietilen tereftalat) qablaşdırmanı misal göstərmək olar ki, bu qablaşdırma materiallarının hazırlanmasında istifadə olunan kimyəvi maddələr təkrar istifadə zamanı plastikdən süzülür və insanın qanına, toxumasına yayılır. Bu kimi təsirlərə məruz qalan orqanizmdə xərçəng, immun sisteminin funksiyasının zəifləməsi, hormonal pozğunluq və digər xəstəliklərin yaranma riski vardır.
 
Bu yazıda qablaşdırma materiallarının üstün və çatışmaz tərəflərini araşdırmışıq. 
 
1.Şüşə 
Şüşə hələ qədim zamanlardan qidanın saxlanması üçün istifadə olunur. Şüşə güclü izolyator sayılır. Bu şəffaf material həm də qabın içindəki qidanın necə olduğunu görməyə imkan verir. Bir çox hallarda şüşənin üzərində səthi qoruyucu qat olur. Bu qat şüşəni dağılmaqdan, qidanı korlanmaqdan qoruyur. 
 
2.Metal 
Qida qablaşdırmasında metaldan da gen-bol istifadə olunur. Səbəb metalın həm fiziki baxımdan güvənli olması, həm də təkrarən istehsala yararlı olmasıdır.  Qablaşdırma üçün adətən polad və alüminiumdan istifadə olunur. Alüminium çox vaxt bankalar və folqaların hazırlanmasında işlədilir. Bu zaman alüminium qatı qidanı mikroorqanizmlərdən, korroziyadan, rütubət, hava və işıqdan qoruyur. Alüminiumun yeganə çatışmayan cəhəti digər metallarla müqayisədə onun baha olmasıdır.  
 
Poladın xüsusi növündən də qablaşdırmadan çox istifadə edilir. Bu material hermetik prosedurlaran keçir ki, bu da qidanın steril qalmasına kömək edir. 
 
3.Plastmass 
Qidaların saxlanması və qablaşdırılmasında istifadə olunan plastik qabların geniş yayılmasına əsas səbəb onun istifadəsinin asan və qiymətinin aşağı olması ilə əlaqədardır.
 
Plastiklərin xammalı əsasən neft, qaz və kömürdür. İstehsal prosesində bir sıra qatqı maddələrindən istifadə olunur. Bu maddələr məhsulu elastik və dayanıqlı edir. Lakin insan sağlamlığı üçün bəzi təhlükələr də yaradır. Çünki plastiklər qida ilə təmasda olduqda qidaya keçir. Bu keçid qida temperaturundan asılı olaraq dəyişir. Temperatur artdıqca toksiki maddələrin qidaya təsiri daha da sürətlənir. Buna görə də, xüsusilə, isti və yağlı qidaları plastiklərdə saxlamaq tövsiyə olunmur. 70-90℃-də olan isti içkilər plastik qablara qoyulduqda isə istinin təsiri ilə plastikin tərkibində maddələr monomerlərə ayrılır. Bu isə sağlamlıq üçün təhlükə yaradır.
 
Araşdırmalar nəticəsində plastikin hazırlanmasında istifadə olunan BPA kimyəvi maddəsinin polikarbonat içki şüşələrindən insanın bədəninə keçdiyi sübut olunub. Uşaqlar üçün istehsal olunan plastik su qablarından istifadə edərkən də diqqətli olmaq lazımdır. Xüsusilə, BPA kimyəvi maddəsi ilə hazırlanmış qabdan istifadə edildikdə yeni doğulmuş və böyümə çağında olan uşaqlarda davranış pozuntularının yaranma riski artır.
 
Plastik qablar kimi rəngli torbalardan istifadənin də bəzi zərərləri var. Xüsusilə, tullantılardan hazırlanan qara torbalarda olan  mikroorqanizmlər insan sağlamlığı üçün təhlükə yaradır.   Meyvə və tərəvəzin torba ilə birbaşa təması insan sağlamlığı üçün böyük risk daşıyır. Elə bu səbəbdən də plastik torbalarda ərzaq mallarının daşınması tövsiyə olunmur. Həmçinin, bu torbalar ətraf mühit və ekosistem üçün də böyük təhlükə mənbəyi olmaqla kimyəvi maddələr yayır, torpağa və suya qarışaraq qida zəncirinin müxtəlif mərhələlərini risk altında saxlayır.
 
Plastiklərin zərərlərini aradan qaldırmaq üçün qidanı şüşə və saxsı qablarda saxlamaq, soyuducudakı yeməklərin üzərini naylon deyil, qapaqla bağlamaq tövsiyə olunur. Alış-veriş edərkən xüsusilə meyvə və tərəvəzi plastik torbalarda daşımaq və bu torbaları soyuducuya qoymaq, sobada bişirilən yeməklərin üzərinə folqa ilə örtmək məsləhət görülmür. Su alarkən şüşə qabda olmasına diqqət etmək lazımdır. Nəzərə alsaq ki, gün ərzində bu materialdan hazırlanan əşyalarla təmasdan yayına bilmirik. Bunu nəzərə alaraq əlləri xüsusilə, yeməkdən əvvəl mütləq yumaq tövsiyə edilir.  Qidanı qablaşdırmaq və daşımaq üçün seçim edərkən şüşə, saxsı, taxta qablar və ya kağız torbalardan istifadəyə üstünlük vermək lazımdır.
 
4. Kağız 
Kağız və karton 300 ildən çoxdur ki, qidanın qablaşdırılmasından istifadə olunur. Kağızdan hətta fincanlar da hazırlanır. Bununla belə, kağız qida məhsullarının uzun müddətli saxlanması üçün yararlı deyil. Termik prosedurlara davamlı olmadığına görə, onda qidanı qısa müddətliyinə Saxlamaq olar. Adətən kağızın üzərinə qoruyucu qat çəkilir. 
 
Təəssüflə qeyd etməliyik ki, günümüzdə bəzi istehsalçılar təkrar istifadəsi qadağan olan materiallardan hazırlanmış qablaşdırmalardan müxtəlif məhsulların satışında (süd, bəhməz, üzüm yarpağı və s.) yararlanırlar.
 
Bundan başqa, elə qablaşdırma materialları vardır ki, onlar dondurulmuş məhsulların istifadəsi üçün nəzərdə tutulur və yaxud əksinə, elə materiallar vardır ki, onların mikrodalğalı sobada belə istifadəsi yolveriləndir. Qablaşdırma materialının üzərində qeyd olunan işarələrə diqqətsiz yanaşdıqda, məsələn, yüksək temperaturda istifadəsi uyğun olmayan qablaşdırma materialını sobada istifadə etdikdə, istilik təsirindən ərimə baş verir və qablaşdırmanın tərkibində olan kimyəvi maddələr qidaya təmas edir.
 
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Obyektlərin qeydiyyatı ilə yanaşı, bəzi növ məhsullar, o cümlədən qida və yem əlavələri, bioloji aktiv qida maddələri, qida ilə təmasda olan qablaşdırma materialları, xüsusi növ qida məhsulları, təbii mineral sular məhsul kimi dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalına, idxalına və dövriyyəsinə icazə verəcək. İdxalçı ölkələr tələb etdiyi halda (məsələn, Avropa İttifaqı) ixrac olunan məhsulların baytarlıq və qida təhlükəsizliyi tələblərinə uyğunluğu bir sənəddə ehtiva olunan vahid sağlamlıq sertifikatı veriləcək. Bu isə sahibkarların xərclərinin azalmasına imkan yaradacaq.
 
Qida məhsullarının qablaşdırıldığı qablaşdırma materialının üzərində həmin materialın qida sənayesində istifadəyə uyğun olmasını və hazırlandığı materialın növünü bildirən işarə olmalıdır.
 
Beynəlxalq təcrübədə qida ilə birbaşa təmasda olan qablaşdırma materialının təhlükəsiz olduğunu istehlakçıya göstərmək üçün qablaşdırmanın üzərində qədəh və çəngəl təsviri olan nişandan istifadə olunur.
 
 Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.   

Create Account



Log In Your Account