Feb 24 2020 16:56
Elshad Aliyev
Views: 82

Ağ Şəhər dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir

Bakının mərkəzinə yaxın ərazidə, özü də “Qara şəhər” adı qazanmış bir məkanda ekoloji təmiz və göz oxşayan yeni bir yaşayış massivinin yaranacağına beş-on il bundan əvvəl bəlkə də heç kim inanmırdı. Bir əsirdən çox müddətdə bu ərazidə müxtəlif neft və kimya müəssisələri fəaliyyət göstərib. Həmin müəssisələrin hisi, tüstüsü və qoxusu bu ərazidə yaşayan insanların sağlamlığına mənfi təsir göstərirdi, oradakı yaşıllıqları məhv edirdi. Şəhərin bu tarixi hissəsini yenidən qurmaq məqsədilə ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı”na əsasən Bakı Ağ Şəhər ekoloji şəhərsalma layihəsi həyata keçirilir. Layihə 1650 hektar sahədə yerləşən şəhər mərkəzinin şərq hissəsinin (“Qara Şəhər”in) bərpa və inkişafını, həmçinin Bakının yeni müasir mərkəzinə çevrilməsini nəzərdə tutur.

Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması prioritetlər sırasındadır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında Bakı Ağ Şəhər layihəsini də qeyd edib. “Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Bakı sakinləri və qonaqlar bunu hiss edirlər ki, havanın keyfiyyəti böyük dərəcədə yaxşılaşıb. Nəyin hesabına? Çünki biz havanı çirkləndirən bir çox mənbələri ləğv etdik… Havanı, ekologiyanı böyük dərəcədə çirkləndirən “Qara şəhər” idi. İndi onun yerində “Ağ şəhər” yerləşir. Bu da böyük şəhərsalma layihəsidir. Yaxın gələcəkdə neftayırma zavodunun o ərazidən köçürülməsi nəticəsində həm bulvarın uzunluğu artacaq, həm də o zonada ekoloji vəziyyət daha da yaxşılaşacaq”.

Azərbaycan və onun xalqının parlaq gələcəyini düşünən ulu öndər Heydər Əliyev “Qara şəhər” barədə ona məxsus uzaqgörənliklə demişdi: “Azərbaycanda yüz illərdən bəri Qara Şəhər adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir”. Ulu Öndərin bu arzusu artıq reallaşıb.

Bu da Prezident İlham Əliyevin Ağ Şəhər barədə dedikləri: “İndi bəzilərinin yadından çıxıb ki, biz maşınla o yerdən keçəndə pəncərələri bağlayırdıq. Çünki tüstüdən, iydən dayanmaq mümkün deyildi. Biz Qara şəhəri Ağ şəhərə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir”.

İlk neft canlanmasının mirası və uzaq keçmişin şəhərsalma tədbirlərinin nəticəsi kimi, Qara Şəhər XIX əsrin sonunda Bakının şərq hissəsində meydana gəlmişdi. Sonradan o, “qara qızılın” emal olunması, saxlanılması və nəql edilməsi üzrə fəaliyyəti yerinə yetirərək, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynamışdı. Lakin Qara şəhər iqtisadiyyatımıza və neft sənayesinin inkişafına töhfələr verməklə yanaşı, paytaxtın ekoloji mühitini korlayırdı. Torpaqlar neftlə çirklənirdi, eyni zamanda istehsalat obyektlərinin xaotik şəkildə yerləşdirilməsi, kanalizasiya sisteminin olmaması həmin ərazidə yaranan çirkab və istehsalat tullantılarının birbaşa Xəzər dənizinə axıdılmasına və digər fəsadlara gətirib çıxarırdı.

Bakı Ağ Şəhər layihəsi çərçivəsində köhnə sənaye obyektləri şəhərin hüdudlarından kənara çıxarıldı, yüz ildən artıq bir müddətdə neftlə çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirildi. Bakı Ağ Şəhər layihəsinin Baş Planı 10 universal şəhər tipli məhəllənin salınmasını nəzərdə tutur. Onların hər birində sakinlərin yaşayışı, işləməsi, istirahəti və əyləncəsi üçün ən yaxşı şərait yaradılması planlaşdırılır. Layihə çərçivəsində tikintinin ümumi sahəsi 15 milyon kvadratmetrdir. Ağ Şəhərdə evlər, ofislər, inzibati dövlət binaları tikilir, parklar salınır və digər obyektlər inşa olunur. Bu isə təxminən 120 min mənzil, xidmət obyekti və 240 min iş yeri deməkdir.

Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi qismində mühəndis və memarlıq layihələndirilməsi üzrə Atkins“ (Böyük Britaniya) şirkəti çıxış edir. Layihə üzərində işə Azərbaycanlı mütəxəssislərlə yanaşı, əfsanəvi Norman Foster tərəfindən əsası qoyulmuş məşhur “Fosters + Partners” memarlıq şirkəti, kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik “F+A Architects” arxitektura bürosu, UN Studio memarlıq və mühəndislik agentliyi və digər tanınmış şirkətlər cəlb olunub. Layihənin konsepsiyasının formalaşdırılmasında memarlıq rəngarəngliyi, ekoloji uyğunluq və yeni ərazinin müasir şəhər ansamblına düşünülmüş inteqrasiyası mühüm istiqamətlər kimi əsas götürülüb. Nəticədə çox maraqlı memarlıq nümunələri və investisiya perspektivləri ilə yanaşı, torpağın dirçəlişi və inşaatın stimullaşdırılmasını, bu yerdə yaşamaq və işləmək arzusu oyadan cəlbedici mühitin və infrastrukturun yaradılmasını nəzərdə tutan layihə ortaya qoyulub. İdeyanın möhtəşəmliyi və görülmüş işlərin professionallığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və Bakı Ağ Şəhər layihəsini dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə çıxarır.

Buradakı infrastruktur layihələrinin hər birində ekoloji məsələlər nəzərə alınıb, sonrakı fəaliyyətdə ekoloji tarazlığın saxlanılması, xüsusilə yaşıllıq ərazilərinin salınması, maksimum park, ekoloji və estetik görünüş yaradan layihələr icra olunub və bu işlər davam etməkdədir.

Layihə çərçivəsində 350 hektarlıq landşaft salınması nəzərdə tutulur. Bundan əlavə, Bakı Ağ Şəhər mövcud olan Bulvar xəttini daha 5 kilometr uzatmağa, onu dünyada ən uzun bulvara çevirməyə imkan yaradır. Burada salınan yaşıl istirahət zonalarında və parklarda çinar, zeytun, palma, şam ağacları, sərv və çox sayda yeni ağaclar əkilib. Beləliklə, ekoloji cəhətdən Bakının “üz qarasına” çevrilmiş bir ərazi indi ekoloji təmiz və göz oxşayan şəhər içərisində yeni bir şəhərə çevrilməkdədir.

Bakı Ağ Şəhər layihəsinin Baş Planında nəzərdə tutulmuş 10 universal şəhər tipli məhəllənin bir neçəsi artıq istifadəyə verilib. Ötən ilin sonunda Park məhəlləsinin infrastruktur və abadlıq işləri yekunlaşıb. O, London memarlıq üslubunda layihələndirilmiş möhtəşəm Knighstbridge Residence kompleksindən, 20 mərtəbəli müasir binalar və böyük park kompleksindən ibarətdir. Burada nəzərdə tutulmuş şəhər və ictimai infrastrukturun inkişafı piyadalar üçün rahat və prioritet hərəkət təmin edir.

Layihə çərçivəsində müasir tikililərlə yanaşı, Qara şəhərin tarixi irsinə hörmətlə yanaşaraq, məşhur kimyaçı Dmitri Mendeleyev tərəfindən təklif edilmiş və dünyada ilk dəfə 1863-cü ildə Bakıda tətbiq olunmuş ağ neftin ikiqat təmizlənməsi qurğuları bərpa edilib. XIX əsrə aid neft anbarlarının istinad divarı və 1894-cü ildən əhaliyə təmiz suyun paylanmasını təmin edən pavilyon da gələcək nəsillərin tarixi yaddaşı üçün qorunub saxlanılıb. Neft anbarlarını əhatə edən istinad divarı boyunca Olimpiya məhəlləsinə piyada keçidi salınıb. Buradakı yaşıllıq zolağında layihənin tarixi və göstəriciləri haqqında qranit xatirə daşı qoyulub.

Müasir infrastruktur həm insanların rahatlığı, həm də investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradır. Dünyada müasir şəhərsalma tendensiyasını ehtiva edən və tamlığı ilə seçilən Ağ Şəhər layihəsinin həyata keçirilməsində insan amili əsas meyarlardandır. İllər keçdikcə burada görülmüş kompleks tədbirlər tədricən Qara şəhəri tarixə çevirir, ərazi müasir şəhər mərkəzi görkəmi alır. Keçmişdə və bu gün çəkilmiş fotolar iki dövr arasındakı fantastik fərqi əyani şəkildə göstərir.

 


Create Account



Log In Your Account