Feb 22 2017 13:12
Ulviyye Sabirqizi
Views: 1376

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir amansız nümunəsidir.

Xarici İşlər Nazirliyindən (XİN) CBC-yə verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankarada Türk Şurasının təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində belə bir konfransın təşkil edilməsinə görə Türk Şurasının Katibliyinə və Ahmet Yasevi Universitetinə təşəkkürünü bildirən nazir deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə misli görünməmiş hadisələrdəndir:

"Xocalı soyqırımı zamanı 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulmuş, 1000-dən çox dinc sakin ağır yaralanaraq əlil olmuş, 1275 nəfər girov götürülmüşdür. Onların 150-sinin taleyi indiyədək məlum deyildir. Erməni vandalizmi nəticəsində 8 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamlar sadəcə Xocalı soyqırımı ilə məhdudlaşmamışdır. Xocalı soyqırımı XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvanda, Gəncədə, Qubada, Bakıda, İrəvan xanlığında mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir və bununla bağlı həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, bu cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır".

XİN rəhbəri qeyd edib ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır:

"Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapmışdır. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya,Slaveniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan, Cibuti parlamentləri, eləcə də ABŞ-ın 16 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın 40-dan çox ölkəsində həyata keçirdiyi \"Xocalıya ədalət!\" kampaniyasının əsas məqsədi bu qanlı faciə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Bu ilin yanvar ayında Malidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlamentlər İttifaqının 12-ci sessiyasında qəbul olunmuş xüsusi qətnamə “Xocalıya Ədalət” kampaniyasına tam dəstək verərək Xocalı faciəsini soyqırım kimi tanımış və təşkilatın 54 üzv dövlətinə erməni canilərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı çağırış etmişdir".

Nazir vurğulayıb ki, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin bu günə qədər həll olunmaması bölgəmizdə sülhə, təhlükəsizliyə, əmin-amanlığa, o cümlədən hərtərəfli regional əməkdaşlığın inkişafına ciddi təhdiddir.

 


Create Account



Log In Your Account