Sep 12 2017 16:01
Ferah Sabirqizi
Views: 97

Bəlkə də bir çoxlarımız bir vaxt Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasına yüksələcəyini, Cənubi Qafqaz tarixində bir ilkə imza atacağını təsəvvür belə etmirdik. Elə Ağdamın 24 il bundan qabaq erməni silahlı qüvvələri tərəfindən işğal ediləcəyini, tamamilə dağıdılacağını, bir kabus şəhərinə çevriləcəyini də.

Bu gün işğal altında inləyən Ağdam, onun adı ilə bağlı olan “Qarabağ” klubunun qələbəsinə, onun dünyanın tanınmış futbol klubları ilə üzbəüz mübarizə aparmasına sevinir. Bu da əbəs deyil. Axı bu klubun təməli  elə Ağdamda, 1951-ci ildə qoyulub.  “Məhsul” adı ilə  yarışlara qatılan klub  1987-ci ilə kimi fərqli adlarla çıxış edib. O adlardan da biri “Şəfəq” olub.

50 nömrəli texniki peşə məktəbinin  respublika yarışlarında uğurlu çıxışı 1977-ci ildə Ağdamda ilk futbol klubunun yaradılması ilə nəticələnib. Bu məsuliyyəti elə peşə məktəbinin idman müəllimi Əkbər Rüstəmov öz üzərinə götürüb. Bu işdə ona Məktəb direktorundan tutmuş müəllimlərə kimi hamı dəstək verib. Yaradılan “Şəfəq” klubu ev oyunlarını elə Ağdamın İmarət  stadionunda keçirib. Şəfəq 2 il rəqib komandaları məğlub edərək çempion titulunu qazanıb.    

Əkbər Rüstəmov deyir ki, klub 1977-ci ildə, sonra da 1978-ci ildə çempion olub: “79-cü ildə artıq klub böyüyürdü. Mənim də imkanlarım məhdud idi. Məktəb direktorunu başqa sahəyə göndərmişdilər işləməyə. Gücüm çatmırdı. Ondan sonra klubu kooperator öz öhdəsinə götürüb”.

1987-ci ildən sonra isə kluba “Qarabağ” adı verilib. Bu adla komanda sürətlə tanınmağa və sevilməyə başlayıb. Ağdam işğal olunmazdan öncə klub o vaxtkı Sovet İttifaqının müxtəlif bölgələrindən olan komandalarla qarşılaşırdı.

Müharibə şəraitinə baxmayaraq, “Qarabağ” klubu 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizəyə qatılır. Müxtəlif illərdə Azərbaycan Premyer Liqasının çempionu olur. 2008-ci ildə Kluba Qurban Qurbanov baş məşqçi təyin olunur. "Qarabağ" klubu  onun sayəsində iki dəfə Azərbaycan Kubokunun qalibi olub.

2014-2015-ci il futbol mövsümündə, UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə etdi. İlk il sonra Qarabağ nəinki  Azərbaycanın, Cənubi Qafqazın tarixində qızıl hərflərlə yeni bir səhifə açdı. Doğma meydançada Danimarkanın “Kopenhagen” klubuna 1:0 qalib gələrək, səfərdə isə 2:1 hesabı ilə məğlub olaraq ümumi xal üstünlüyü ilə  Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bununla da bütün dünya Qarabağdan danışdı.

Ə.Rüstəmov deyir ki, bu gün Azərbaycan ordusu səngərdə yaranmışdısa, “Qarabağ” klubu da o dövrdə səngərdə yaranıb: «Yəni möhkəm təməli var idi. Ağdam işğal olunub, Qarabağ işğal olunub. Amma komanda harda olursa-olsun oynayır və qələbə qazanır. Günbəgün öz pərəstişkarlarına sevinc gətirir. Mən sevinirəm ki o komandaya iynənin ucu qədər köməyim dəyibsə, bəsimdir”.

Ermənistanın hərbi qüvvələri Ağdamı 1993-cü il iyulun 23-də işğal edib. Şəhər yerlə yeksan olunub, yandırılıb, bütün evlər viran qoyulub, yüzlərlə sosial obyekt,o cümlədən “İmarət” stadionu darmadağın edilib, Ağdam ruhlar şəhərinə çevrilib. Çempionlar Liqasının komandaları arasında "Qarabağ" öz döğma stadionunda rəqib komandaları qəbul etməkdən məhrum olunan yeganə komandadır.  Ona görə də Qarabağın qazandığı ardıcıl uğurlar təkcə onu adını futbol tarixinə yazmır, həm də Qarabağ adını bir daha 24 ildir işğala biganə qalan beynəlxalq aləmin gözünün önünə, beyninə həkk edir. “Qarabağ” komandası öz uğurları ilə ermənilərin Ağdamı işğal etməsi faktını bir daha dünyaya bəyan edir. Jurnalist, idman şərhçisi Rövşən Binnətli belə deyir.

“Qarabağ”ın səfər matclarında oynadığı ölkənin mediası, istər-istəməz bu komandanın təmsil etdiyi şəhər barədə yazır. Şəhər barədə yazanda da onun işğal olunması faktı üzə çıxır. Kim işğal edib? Təbii ki, burda Ermənistan tərəfinin işğalçılıq siyasəti ortaya çıxır. Bu, növbəti dəfə Qarabağ komandasının adlanması və bu adda komandanın naliyyət əldə etməsi, Qarabağın bölgə olaraq, coğrafi zona olaraq Azərbaycanın ayrılmaz tərkib hissəsinin olmasının bariz nümunəsi və göstəricisidir”.

İngiltərənin “The Telegraf”  qəzeti də Qarabağ komandası haqda dərc etdiyi məqalədə klubun uğurları ilə yanaşı, onun təmsil etdiyi bölgənin erməni işğalı altında olması da əksini tapıb. Nəşr Ağdamı “Ruhlar şəhəri” adlandırıb. Artıq  24 ildir  Qarabağ öz doğma stadionunda, öz şəhərində oynaya bilmir, lakin buna baxmayaraq o mübarizəsini, əzmini və dünyaya QARABAĞ kimi bir komandanın olduğunu nümayiş etdirir.

“Çelsi” ilə oyun ərəfəsində “Nyu York Tayms” qəzeti də yazır ki, "Qarabağlıların öz evi paytaxt Bakıdan 440 kilometr məsafədə yerləşir”. Bu məqalədə “Qarabağ” futbol komandası vətəninin Ermənistan silahlı qüvvələrinin ilğalı altında olduğuna və “İmarət” stadionunun dağıdılması faktına diqqət çəkir.

"The Sun" informasiya portalı da “Chelsea-Qarabağ” matçına dair əhəmiyyətli detalları və komandanın tarixini işıqlandırıb. Portalda dərc olunan yazıya əsasən, Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistanın nəzarəti altındadır və “Qarabağ” klubunun doğma Ağdam şəhəri işöal zamanı tamamilə məhv edilib. "Buna görə də 1993-cü ildən bu yana Qarabağ Azərbaycanın paytaxtı Bakıda oynayır”.

 


Create Account



Log In Your Account