Feb 17 2017 10:58
Ulviyye Sabirqizi
Views: 1600

Dünən axşam saatlarından etibarən aramsız yağan qar paytaxt yollarında bir sıra problemlər yaradıb.

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın əksər küçə və prospektində o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, A. Bakıxanov, A.M. Şərifzadə, A. Salamzadə, H. Seyidzadə küçələrində, 20 Yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) CBC-yə verilən məlumata görə, küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb.

BNA mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır.

"Bir daha sürücülərə sükan arxasında ehtiyatlı olmalarını və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik", - deyə qurumun açıqlamasında bildirilir.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, əsas magistral yollarda, Bakının giriş-çıxışlarında, əsas küçə və prospektlərdə gecə boyu iş aparılıb, yollar qardan təmizlənib, qum-duz qarışığı səpilib. Qurumdan bildirilib ki, respublika yollarında da ciddi problem müşahidə olunmur:

“Gecə boyu respublika yollarında da iş aparılıb, yollar qardan təmizlənib”.

 


Create Account



Log In Your Account