May 04 2020 16:41
Elshad Aliyev
Views: 62

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə “Qavaldaş” zərb çalğı alətləri ifaçılığı üzrə uşaq və gənclərin III Respublika və ilk dəfə olaraq I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi keçirilib.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən AZƏRTAC-a bildirilib ki, festival-müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, milli musiqi alətlərinin və mədəni irsin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi, nağaranın dünyada təbliği, bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirilməsi və artırılmasından ibarətdir.

Aprelin 30-dan mayın 3-dək keçirilən müsabiqənin final mərhələsində Azərbaycanın rayonlarını və Bakı şəhərini, eyni zamanda Türkiyə, Malayziya, Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Qazaxıstan və Tacikistanı təmsil edən zərb çalğı alətləri ifaçıları çıxış ediblər. Üç yaş qrupunda iki nominasiya üzrə 150 nəfərədək uşaq və gənc solo ifaları ilə tamaşaçılara milli zərb alətlərinin əsrarəngiz ritmlərini məharətlə nümayiş ediblər. Festival iştirakçıları və münsiflər heyəti bu müsabiqənin dünyada ilk olduğunu qeyd ediblər.

“Qavaldaş” Respublika festival-müsabiqəsinin final mərhələsi Bakı şəhərində onlayn platformada keçirilib. Üçgünlük festival-müsabiqənin iştirakçılarına peşəkar müəllimlər tərəfindən onlayn ustad dərsləri keçirilib, müsabiqə təntənəli final mərhələsi ilə yekunlaşıb.

Müsabiqənin münsiflər heyətində tanınmış zərb çalğı alətlərinin ifaçıları və nağara müəllimləri - Xayrullo Dadoboyev (Tacikistan), Efraim Zaltsman (İsveçrə), Denis Vasilyev (Ukrayna), Vohobjon Tursunov (Özbəkistan), Əməkdar artist Azərbaycan Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, Əməkdar artist İsgəndər Ələsgərov, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ələkbər Məmmədov və Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin müəllimi Azər Məlikov təmsil olunub.

Layihənin müəllifi və müsabiqənin rəhbəri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə münsiflər heyəti ilə birgə iştirakçılara müsabiqənin gedişatı haqqında geniş məlumat verib. Mayın 3-də bir ay ərzində keçirilən müsabiqənin yekunu olaraq üç günün sonunda onlayn müsabiqənin final mərhələsi 5 saat fasiləsiz olaraq sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən canlı yayıma qoşulublar.

Beynəlxalq münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib. Müsabiqənin nəticələrinə əsasən, nağara nominasiyası üzrə Həvəskari Sadiq (Bakı, Azərbaycan) Qran-pri mükafatına, zərb çalğı alətləri nominasiyası üzrə isə Samuqjanov Nurilloh (Daşkənd, Özbəkistan) Qran-pri mükafatına layiq görülüb.

Həmçinin 7-11 yaş üzrə nağara nominasiyasında Kənan Ağayev (Masallı) I yerə, Vaqif Allahverdiyev (Bakı) II yerə, Şükran Güləliyev (Ağdam), Hüseyn Həbibzadə (Bakı), Səyyad Bağırov (Masallı) III yerə və Qurban Məlikov (Salyan) həvəsləndirici yerə layiq görülüb.

Festival-müsabiqənin 12-16 yaş üzrə nağara nominasiyasında Aydın Muradlı (Bakı) I, Rəşad Əlizadə (Bakı) II, Emre İnanli və Kerem Saatçioğlu (İstanbul), Rüfət Baxşıyev (Bakı), Yusif Rüstəmov (Bakı) III yerə və Şəmsi Abdullayev (Ağdam) həvəsləndirici yerə layiq görülüb.

Yarışmanın 17-21 yaş üzrə nağara nominasiyasında Bakıdan Əliağa Cəfərzadə I, Şükran Mirsalahov II, Rəşad Sultanov və Murad Nağızadə III yerə layiq görülüb.

Habelə 7-11 yaş üzrə zərb çalğı alətləri nominasiyasında Parşik Oleksandr (Lvov, Ukrayna) I, İvan Vetrov (Xarkov, Ukrayna) II və Barilo İlya (Berezovka, Belarus) III yerə layiq görülüb. 12-16 yaş üzrə zərb çalğı alətləri nominasiyasında Roksana Aslanova (Daşkənd, Özbəkistan) I yerə, Hamza Taşaroğlu (İstanbul, Türkiyə) II yerə, Nasimcon Xoşimov (Xucand, Tacikistan) III yerə layiq görülüb. 17-21 yaş üzrə zərb çalğı alətləri nominasiyasında Behzod Hakimov və Şohzod Hakimov I (Daşkənd, Özbəkistan), Lutfullocon Dadoboyev (Xucand, Tacikistan) II, Kamil Hüseynzadə (Bakı, Azərbaycan) III yerə, Sonya Kuçerenko (Kiev, Ukrayna), Ömər Yiğit Kayacı (İstanbul, Türkiyə) həvəsləndirici yerə, Dilnaz Saqiyeva (Nursultan, Qazaxıstan) “Resm Jewelry” tərəfindən xüsusi mükafata layiq görülüb.

Qaliblər diplom və kubokla, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub. Bu il Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən beynəlxalq onlayn müsabiqə üçün Mükafat Fondu yaradılıb və maliyyə dəstəyi “Zeytun bağları” tərəfindən təsis edilib. Qaliblərə hər Qran-pri üçün 1000 manat mükafat və hər bir nominasiya üçün ayrılıqda I yer 300 manat, II yer 200 manat, III yer 100 manat mükafat verilib.

Festival iştirakçıları müxtəlif milli və müasir zərb alətlərində (nağara, qoşa nağara, doyra, baraban, litavra, tambur, djembe, kahon, darbuka, ksilofon) stedadlarını canlı nümayiş etdiriblər.

Xatırladaq ki, artıq üçüncü ildir Təhsil Nazirliyinin dəstəyi ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən “Qavaldaş” festival-müsabiqəsinin təşkilatçıları bu il COVID-19 koronovirus pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq müsabiqəni onlayn platformada “Evdə qal, ritmdən qalma” devizi altında təşkil ediblər.


Create Account



Log In Your Account