May 14 2020 15:04
Elshad Aliyev
Views: 53

Koronavirus pandemiyası bütün inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da öz təhlükəsini göstərir. Lakin Azərbaycanda formalaşmış müasir səhiyyə sisteminin olması, vaxtında tədbirlər görülməsi koronavirusla mübarizədə müsbət nəticələr əldə etməyə imkan verir. Bunun sayəsində koronavirus pandemiyası başqa ölkələrdən fərqli olaraq bizdə daha az xətalar törədir. Virusa yoluxanların və bu səbəbdən həyatını itirənlərin sayı digər ölkələrdən dəfələrlə azdır. Bu problemin həlli ilə məşğul olmaq təkcə dövlətin üzərinə düşməməlidir. Bunun üçün hər bir vətəndaş öhdəsinə düşənləri məsuliyyətlə yerinə yetirməlidir. Hər kəs birlik nümayiş etdirməlidir. Dövlətimiz əlindən gələni edir, fədakar tibb işçiləri var-qüvvəsi ilə çalışırlar ki, pandemiyaya qarşı mübarizədən çox az zərərlə qalib ayrılaq.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin fizioterapiya və tibbi reabilitasiya kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasında fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Nurlana Əliyeva məlumat verib.

“Azərbaycanda yoluxma faktı aşkarlanan kimi tibb işçilərimiz könüllü olaraq mübarizəyə qoşuldular. Pandemiya ölkəmizdə həkimlərin sayının yetərincə olduğunu və təcrübəli kadrların yetişdiyini üzə çıxardı. Halbuki bir sıra ölkələr tibb personalının çatışmazlığı ilə də üzləşdi. Müasir tələblərə cavab verə bilən səhiyyə ocaqlarının olması Azərbaycanın pandemiya ilə mübarizədə daha yüksək nailiyyətlər əldə etməsinə səbəb olur. Buna baxmayaraq, bəzi vətəndaşların məsuliyyətsizliyi nəticəsində pandemiya ilə mübarizədə çətinliklərlə qarşılaşa bilərik. Karantin rejimin yumşaldılması o demək deyil ki, hər kəs ehtiyac olmadan küçəyə çıxsın, şəhəri gəzsin. İnsanlar virusun ciddiliyini qəbul etmirlər, “boş şeydir”, “problem yoxdur” deyirlər. Vətəndaşlara bildirmək istəyirəm ki, virusu düşündüyünüz kimi təhlükəsiz hesab etmək olmaz, çəkilən bu qədər əziyyət boş-boşuna deyil. Həkimlərin necə əziyyət çəkdiyinə diqqət yetirin. Ailəsindən ayrı düşən, xəstəliyə yoluxanların sağalması üçün əlindən gələni edən həkimlər var. Onların əziyyətini hədər etməyin. Karantinin yumşaldılmasından sui-istifadə etmək istəyənlər var. Təəssüf ki, son zamanlar paytaxtda vətəndaşların maskasız, əlcəksiz gəzməklərinə, qucaqlaşıb görüşməklərinə şahid oluruq. Onlar haradasa toplaşmağa çalışırlar. Həmin vətəndaşların səhlənkarlığı öz ailələri və ətrafdakı insanlar üçün risk mənbəyidir. Bir insanın yoluxması həndəsi silsilə ilə artan yoluxmaya səbəb ola bilər. Hər bir vətəndaş özü-özlüyündə məsuliyyətli olmalıdır. Ailəsini, xalqını, dövlətini düşünməlidir. Dəfələrlə çağırışlar edilir ki, sosial məsafəni saxlamaq lazımdır. Yaxın məsafədə virus asanlıqla tənəffüs sisteminə daxil olar və yoluxa bilərsiniz. Məsafə saxlanılsa, əllərdə əlcək olsa, mütləq tibbi maskalardan istifadə edilsə, dövlətin gördüyü tədbirlər hədər getməz, birlikdə asanlıqla virusa qalib gələ bilərik. Yoluxanların artmasının qarşısı alına bilər. Son zamanlar qeydə alınan mənfi tendensiya da məhz həmin vətəndaşların səhlənkarlığının nəticəsidir”, - deyə N.Əliyeva qeyd edib.

Mütəxəssis bildirib ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Azərbaycan dövləti üçün başlıca məsələnin vətəndaşların sağlamlığı olduğunu xüsusi vurğulayıb. Bunun bariz nümunəsi kimi qeyd etmək olar ki, xarici ölkələrdə yaşayan vətəndaşlarımız çarter reysləri vasitəsilə ölkəmizə gətirilir, karantin məntəqələrinə yerləşdirilirlər. Onların bütün təminatları həyata keçirilir. Həmin şəxslər 10-14 gün müddətində karantin məntəqələrində saxlanılır, sonra onlar müayinə edilərək, sağlam olanlar evə buraxılır, yoluxma şübhəsi olanlar və yaxud yoluxanlar isə müalicə olunmaq üçün müasir tipli xəstəxanalara yerləşdirilirlər. Bunlar dövlətin vətəndaşların sağlamlığı üçün əlindən gələni etdiyinin göstəricisidir.

Onun sözlərinə görə, koronavirusun 40-dan çox növü olsa da, COVID-19 digər növlərdən fərqlənir. Dünya alimləri virusun birdəfəlik aradan qaldırılması istiqamətində araşdırma aparırlar. Azərbaycanlı mütəxəssislər də bununla məşğuldurlar.

N.Əliyeva vətəndaşları bir sıra profilaktik tədbirlərə əməl etməyə səsləyib: “Gigiyenik qaydalara əməl olunmalıdır. Küçəyə çıxıb qayıtdıqda, ictimai nəqliyyatdan istifadə etdikdə əllər sabunla yuyulmalıdır. Əlcəklərdən istifadə edilməsi daha məsləhətlidir. İstifadə edildikdən sonra onlar xüsusi qaydada çıxarılmalıdır ki, əllər əlcəklərin üstünə dəyməsin. Qaydalara, qoyulan tələblərə riayət etsələr, pandemiyaya asanlıqla qalib gəlmək olar. Dezinfeksiyaedici məhsullardan istifadə edilməsi tövsiyə olunur. Vətəndaşlar bu qaydalara öyrəşməli, gündəlik rejimə çevirməlidirlər. Virus təhlükəsi bitənə qədər maska və əlcəklərdən istifadə olunmalıdır. Özlərində narahatlıq, xəstəlik əlamətləri hiss edirlərsə, sosial izolyasiya olunsunlar, başqalarını yoluxdurmamaq üçün onlarla təmas etməsinlər və aidiyyəti orqanlara müraciət etsinlər. Həm özlərini, həm də ətrafdakıları qorusunlar”.

Mütəxəssis özü və ailəsinin qoyulan tələblərə əməl etdiyini və ehtiyac olmadığı halda evdən çıxmadıqlarını da diqqətə çatdırıb.


Create Account



Log In Your Account