Apr 30 2020 11:56
Elshad Aliyev
Views: 72

Qazaxıstan Respublikasının Türkistan vilayəti Azərbaycanın “Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi" təcrübəsi əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, yeni sistem vətəndaşlara ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, təxirəsalınmaz tibbi zərurət, eyni zamanda  evlərini tərk edərkən və ya işə gedərkən onlayn qaydada icazə almağa kömək edəcək.

Ölkəmizdə tətbiq olunan müvafiq sistem barədə Astana Dövlət Xidmətləri Mərkəzinin 42 ölkənin iştirak etdiyi onlayn platformasında məlumat paylaşılıb. Müvafiq platformada Azərbaycan təcrübəsindən başqa Yunanıstan və Birləşmiş Ərəb Əmirliklərində karantin rejimində tətbiq olunan onlayn sistemlər barədə də məlumat verilib. Qazaxıstanın Türkistan vilayəti isə məhz Dövlət Agentliyinin təcrübəsi əsasında müvafiq sistemi ərsəyə gətirib.

Bu barədə BMT-nin İnkişaf Proqramının Astana Dövlət Xidməti Mərkəzi (Astana Civil Service Hub) veb-səhifəsində və Qazaxıstanın digər yerli xəbər portallarında məlumat dərc olunub.

“Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi tərəfindən ərsəyə gətirilib.


Create Account



Log In Your Account