Jun 06 2017 10:37
Naile Hesenova
Views: 419

Qəbələ rayonu qarşıdakı yeddi gündə daha bir beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə iyunun 6-dan 14-dək Qəbələ rayonunda gənclər arasında olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar keçiriləcək. Yarışın rəsmi açılış mərasimi iyunun 7-də olacaq.

“Qəbələ” Atıcılıq Klubunun mətbuat xidmətinin rəhbəri İlham Əhmədov AZƏRTAC-a bildirib ki, Qəbələnin Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində təşkil ediləcək yarışlarda 45-dən çox ölkədən 600-ə yaxın idmançı iştırak edəcək. Bu mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. Oğlan və qızlar yarış zamanı tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq bacarıqlarını nümayiş etdirəcəklər.

Hazırda “Qəbələ” Atıcılıq Klubu tərəfindən bu beynəlxalq yarışa ciddi hazırlıq işləri görülür. İdmançıların və rəsmi qonaqların qarşılanması, yerləşdirilməsi üçün lazımi şərait yaradılıb. Artıq 2 gündür ki, bir neçə ölkənin idmançıları yarışdan öncə Qəbələyə gələrək təlim-məşq toplanışlarında iştirak edirlər.

Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.

 


Create Account



Log In Your Account