May 15 2019 11:45
Naile Hesenova
Views: 264
Sürətlə inkişaf edən texnologiya, ortaya çıxan yeni qida komponentləri istehlak etdiyimiz qida məhsullarının tərkibi barədə bir-sıra suallar yaradır. Elə bu səbəbdən qida məhsullarının etiketini şüurlu şəkildə oxuyaraq istehlak etmək tövsiyə olunur. Günümüzdə  rastlaşdığımız məqamlardan biri də istehlakçıların daha çox tövsiyə və ya reklam üzərindən eşidib bildiyi qida məhsuluna üstünlük verməsi, nəticədə müxtəlif səpkili zəhərlənmə halları ilə qarşılaşmasıdır. Məhsul seçimi edərkən çox vaxt qablaşma üzərində olan xırda şriftlərlə yazılmış yazıları oxumağa zaman ayırmırıq. Əksinə, etiketi oxumaq bizim zamanımızı almır, həyatımıza zaman əlavə edə bilmək üçün etiketi hər bir məsuliyyətli istehlakçı oxumalıdır. 
İstehsalçılar isə bizim zaman ayırmama və diqqətsizliyimizdən faydalanaraq, məhsulun tərkibini oxunmaz şriftlərlə yazır, eyni zamanda konservantlar, qida boyaları və əlavələri haqqında məlumat vermir, rəngarəng  reklam şəkillərinə yer verərək bir növ istehlakçıların diqqətini yayındırmağı bacarırlar. Nəticədə isə, tərkibində çiyələk olmayan “çiyələkli yoğurt”, və ya mal əti olmayan “mal əti sosis”ləri almış oluruq.
 
Qida etiketi qida məhsulunun “şəxsiyyət vəsiqəsi” kimidir. Etiketləmə haqqında bütün istehsalçıların əməl etməli olduğu və bütün istehlakçıların isə mütləq şəkildə bilməli olduğu zəruri hesab edilən elementlər mövcuddur. İstənilən qida məhsulunun etiketində aşağıdakılar əks olunmalıdır:
Adı;
Tərkibi;
Miqdarı (kütlə, həcm)
İstehsal tarixi;
Son istifadə tarixi;
Saxlama şərtləri;
İstehsalçının adı və ünvanı;
İstifadəyə dair tövsiyyələr və ya məhdudiyyətlər;
Qida dəyəri göstəriciləri.
 
 
Etiket üzərində olan simvol və işarələr:
 
Hər hansı bir yeyinti məhsulunun qablaşdırılmasında, hazırlanmış materialın qida məhsullarına uyğun olduğunu göstərən bu işarə olmalıdır.
 
 
Bu, birdəfəlik istifadə üçün nəzərdə tutulan butulkalardır. Bu tərkibdə butulkalardan içərisindəki mayeyə ağır materiallar və maddələr qarışa bilər ki, bu da insanın hormonal balansına təsir göstərir. 
 
HDP və ya HDPE- Bu çox yaxşı plastikdir və demək olar ki, heç bir zərərli maddə yaymır. Mütəxəssislər əgər mümkündürsə, suyu məhz belə butulkalarda almağı məsləhət görürlər. 
 
PVC və ya V- Bu materialdan olan əşyalardan ən az iki təhlükəli kimyəvi maddə ayrılır və hər iki maddə orqanizmin hormonal balansına mənfi təsir göstərir. 
 
LDPE- Bu plastik həm butulkaların, həm də plastik paketlərin hazırlanmasında istifadə olunur. Bu materialdan tərkibindəki kimyəvi maddələr ayrılmır. Ancaq o, yalnız su konteynerləri üçün təhlükəsizdir. Ərzaq mağazasında ondan hazırlanan paketləri almaq məsləhət görülmür. 
 
PP- Bu plastik ağ və ya yarımşəffaf rəngdə olur. Siropların və yoqurtların qablaşdırılması üçün istifadə olunur. İsidilən zaman ərimir. Demək olar ki, təhlükəsizdir.
 
PS- Adətən kofe stəkanları və fast-food məhsullarının konteynerlərinin hazırlanması üçün istifadə olunur. Ancaq isidildikdə ondan təhlükəli kimyəvi birləşmələr ayrılır. 
 
 
PC və ya xüsusi işarələri olmayan plastiklər - Bu, plastikin ən təhlükəli növüdür. Su butulkalarının və qida konteynerlərinin istehsalı üçün istifadə olunur. Daha bir tövsiyə: plastik qabda nəsə almaq istəsəniz, iki dəfə düşünün. Yenə də şüşə qablar daha təhlükəsizdir. 
 
Məhsul alarkən etiketi oxumağı unutmayın!
 
Qeyd etdiyimiz kimi məhsul seçərkən paket üzərində olan etiketi mütləq şəkildə oxumaq lazımdır. Keçən yazımızda etiket üzərində diqqət etməli olduğumuz bir sıra məqamları (Adı; tərkibi; miqdarı (kütlə, həcm), istehsal tarixi; son istifadə tarixi; saxlama şərtləri; istehsalçının adı və ünvanı; istifadəyə dair tövsiyyələr və ya məhdudiyyətlər; qida dəyəri göstəriciləri) vurğulamışdıq. İndi isə həmin məqamlara aydınlıq gətirmək istəyirik. 
Məhsulun adı - texniki qaydalara əsasən, məhsulun adı tərkibini nəzərə almaqla xaraketrizə olunmalıdır. Burada məqsəd bir növ tərkib və adın bir-birilə ahəng təşkil etməsidir. Qısacası, ad aydın və anlaşıqlı olmalıdır. Məsələn, süd, kefir və ya yoğurt dedikdə bunu asanlıqla anladığımız kimi. Adda məhsulun tərkibində olmayan hər hansı komponent yer ala bilməz. Məsələn əgər “çiyələkli yoğurt” çiyələk dadı hiss etdirən aromatizatordan istifadə edilməklə hazırlanıbsa, o zaman məhsulun adı “çiyələkli yoğurt” yox, “çiyələk aromalı yoğurt” olmalıdır.
 
Ət məhsullarının etiketi üzərində “soyudulmuş və ya dondurulmuş məhsuldur”  və ya məhsul dondurulmuş ətdən hazırlandığında isə "dondurulmuş xammaldan hazırlanmışdır" yazısı mütləq şəkildə göstərilməlidir.
 
Məhsulun tərkibində olan komponentlər azalan sıra ilə göstərilməlidir. Məsələn, əgər mal ətindən hazırlanmış kolbasa almışıqsa, o zaman etiketdə mal ətinin faiz göstəricisi digər komponentlərlə müqayisədə daha çox olmalıdır. Məhsulun tərkibində hər hansı inqrediyent 2%-dən çox deyilsə, o zaman həmin komponent əsas komponentlərdən sonra yazılmalıdır. Tərkib hissədə göstərilməsi vacib olan elementlərə yer fıstığı, aspartam, xardal, kükürd dioksid (əgər 10 mq-dan çoxdursa), qlüten tərkibli taxıllar, soya, yumurta, küncüt, laktoza  və bütün bu elementlərin emal məhsulları aiddir. Bir çox hallarda saydığımız iqrediyentlər insan orqanizmində allergik təsirə malik olduğu üçün etiket üzərində mütləq öz əksini tapmalıdır.
Əgər məhsulun tərkibində qida əlavələri varsa, etiket üzərində onun funksional məqsədi (stabilizator, emulqator və s.), adı və ya indeksi (məsələn, E951; aspartam) göstərilməlidir. 
Məhsulun miqdarı litr (ml), kiloqram (qr) və ya ədədlərlə ifadə edilə bilər. Əgər məhsul maye içərisindədirsə, (məsələn: pendir) qablaşma içərisində olan pendirlərin tək-tək çəkisi və maye ilə birlikdə çəkisi etiket üzərində yazılmalıdır.
 
Məhsulun istehsal tarixi və son istifadə müddəti– GG.AA.İİ formatında göstərilir. Son istifadə tarixi də eyni formatda və ya son istifadə müddəti olaraq saat, gün, ay , il şəklində göstərilə bilər. Bundan başqa məhsul üzərində istehsalçı haqqında da məlumat öz əksini tapmalıdır. Belə ki, ixrac olunan mallar üçün ixracatçının adı və ünvanı göstərilməlidir. 
Paket üzərində məhsulun qida dəyəri göstəriciləri miqdarları ilə birlikdə əks olunur. Məhsulun enerji dəyəri kilokalorilərlə (kkal)  və ya kilocoullarla (kc), vitamin, mineral və xolestrol miqdarı mq ilə, digərləri isə qr olaraq ifadə edilir. Bu tətbiq xüsusi qidalanma məqsədli və hazırlanmasında fərqlilik tətbiq olunmuş məhsullar üçün daha zəruridir. Burada iki fərqli üsul həyata keçirilə bilər. Birinci üsulda enerji dəyəri ilə protein, karbohidrat və yağ miqdarının, ikinci üsulda isə enerji dəyəri ilə protein, karbohidrat, şəkər, yağ, doymuş yağ, lif və soda miqdarının göstərilməsi tövsiyə olunur. İkinci üsulun tətbiqi zamanı buraya nişasta, spirt, mineral maddələr və vitaminlər də əlavə edilə bilər. Züllallar, yağlar, karbohidratlar, mineral maddələr və vitaminlər hər 100 qrama hesablanıb etiket üzərində əks olunmalıdır.
 
 
Məhsul üzərində diqqət etməli olduğumuz məqamlardan biri də etiketdə olan barkoddur. Barkod məhsulların hərəkətini, uçotunu və s. əməliyyatları avtomatlaşdırmaq məqsədilə məhsullara verilən ştrixli kodlardır. Barkodun müxtəlif növləri mövcuddur. UPC, EAN, EAN-13, EAN-8, CODE-39, CODE-93, CODE-128 və s. UPC sistemi Kanada və Amerikada, EAN-13 isə Avropa və Türkiyədə istifadə olunur. EAN-8 daha kiçik məhsulların kodlaşdırılmasında istifadə olunur. 
 
Adından göründüyü kimi EAN-13 sistemi 13 xanadan təşkil olunmuşdur. Burada ilk 2-3 rəqəm müvafiq olaraq ölkənin kodunu əks etdirir. Azərbaycanın identifikasiya kodu 476-dır. Sonrakı 4-5 rəqəm məhsulun aid olduğu firmanın identifikasiyasını əks etdirir. Müəssisənin məhsulunun beynəlxalq bazarlarda tanınmasına, digər müəssisələr tərəfindən saxtalaşdırılmasının qarışısının alınmasına imkan verməmək məqsədilə növbəti 5 rəqəm məhsulun kodunu ifadə edir. Sonuncu tək rəqəm nəzarət kodu adlanır. Bu kod digər kodların yalnış oxunmasının qarşısını almaq üçün müəyyən bir düsturla hesablanan nəzarət rəqəmidir. 
 
Bütün bunlara diqqət etməklə, daha təhlükəsiz və keyfiyyətli qida almaq mümkündür.
 
Təhlükəsiz qidalanın, sağlam olun!
 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.   

Create Account



Log In Your Account