Jul 26 2018 16:29
Ferah Sabirqizi
Views: 861

“Park Cinema Park Bulvar” kinoteatrında “Qeyri-mümkün tapşırıq 6. Nəticə” filminin premyerasına 2 gün qalmış qapalı nümayişi baş tutub. Tədbirdə KİV nümayəndələri, bloqqer, aktyor, prodüser və rejissorlar iştirak ediblər.  

Filmin rejissoru bu ekran əsərinin öncəki hissələri, həmçinin “Turist”, “Mumiya” və “Cek Riçer” kimi filmlərdən tanıdığımız Kristofer MakKuorridir. Baş qəhrəman - xüsusi agent İtan Hant obrazını tanınmış aktyor Tom Kruz yaradır. Digər rollara Henri Kavill, Saymon Peqq, Rebekka Ferqüson, Alek Bolduin çəkiliblər.

Film izləyicilərinin gözləntilərini doğrultdu, deyə bilərik. Yaşının 56 olmasına baxmayaraq, kaskadyor köməyi olmadan Tom Kruzun özünün yerinə yetirdiyi fəndlərlə dolu səhnələr tamaşaçı alqışı qazandı. “Qeyri-mümkün tapşırıq” filminin altıncı hissəsinin çəkilişləri zamanı aktyor dəfələrlə həyatını riskə atıb: şosseyə bağlanmış kanatdan tutaraq vertolyotda  uçub, yüksək sürətdə motosiklet sürüb, yüksəklikdən uçan təyyarədən təhlükəli tullanış edib.

Qeyd edək ki, eyniadlı teleserial əsasında ekranlaşdırılmış ilk filmin premyerası 1996-cı ildə baş tutub, son film isə “Qeyri-mümkün tapşırıq 6. Nəticə” 22 ildən sonra çəkilib.

Bu gündən etibarən filmi “Park Cinema”nın bütün kinoteatrlarında 2D, 3D və IMAX 3D formatlarında izləmək mümkündür. Sözügedən ekran əsəri rus, ingilis və türk dillərində dublyaj, həmçinin Azərbaycan dilində alt yazılarla nümayiş olunur.

 


Create Account



Log In Your Account