Apr 03 2020 12:56
Elshad Aliyev
Views: 94

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin koronavirusla mübarizəyə həsr olunan onlayn ümumrespublika konfransı keçirib.

Şuradan AZƏRTAC-a verilən məlumata görə, 400-ə qədər nümayəndənin, bir sıra dövlət qurumlarının rəsmilərinin iştirak etdikləri konfransda giriş sözü ilə çıxış edən Şuranın sədri, deputat Azay Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində mühüm işlərin görüldüyünü bildirib.

Dövlətin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi işlərə QHT-lərin də yaxından dəstək verdiyini deyən Azay Quliyev Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Şura üzvlərinin və Katibliyin əməkdaşlarının vəsait köçürdüyünü, QHT-lərin isə Fonda ianələrinin davam etdiyini vurğulayıb. “Martın 27-dən etibarən Şuranın REAL TV ilə birlikdə “Evdə qal, cəmiyyəti qoru!” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayıb. QHT-lər istər əhalinin nisbətən çox olduğu yerlərdə - küçələrdə, parklarda, istərsə də sosial şəbəkələrdə və mediada vətəndaşları özlərini təcrid etməyə və evdə qalmağa çağırırlar. Hazırda 90-dan artıq QHT bu ictimai kampaniyada fəal şəkildə iştirak edir. İndiki həssas dönəmdə QHT-lərin dövlətimiz və cəmiyyətimiz ilə yüksək həmrəylik nümayiş etdirməsi vətəndaşların karantin qaydalarına riayət etmələri, birlik göstərmələri üçün önəmli motivasiyadır”, - deyə A.Quliyev bildirib.

REAL TV-nin baş redaktoru Səbinə Ağayeva “Evdə qal, cəmiyyəti qoru!” adlı kampaniyanın əhatə dairəsinin genişləndiyini, QHT-lərin iştirakı ilə hər gün monitorinq və məlumatlandırma prosesinin uğurla həyata keçirildiyini deyib. S.Ağayeva REAL TV-nin koronavirusla mübarizə sahəsində QHT-lərin fəaliyyətinə sonadək media dəstəyi verməkdə davam edəcəyini vurğulayıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov “Şuranın 2020-ci ilin qrant müsabiqələrinin qalibi olan bəzi layihələrin mövzularının dəyişdirilərək koronavirusla mübarizə tədbirlərinə yönəldilməsi, bu haqda QHT-lərin ideya və təklifləri” mövzusunda geniş məruzə ilə çıxış edib. F.Qurbanov Şuranın QHT-lərin koronavirusla mübarizədə effektiv layihə təkliflərinin dəstəklənəcəyini bildirib.

“İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Vüqar Bayramov hökumətin koronavirusla əlaqədar hazırladığı sosial paket barədə ətraflı məlumat verib.

Şura Katibliyinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud “Koronavirusla bağlı mübarizədə ümummilli həmrəyliyin gücləndirilməsində QHT-lərin rolu və vəzifələri” mövzusunda məruzə ilə çıxış edərək QHT-lərin bu istiqamətdəki fəaliyyətindən danışıb.

Sonra Azərbaycan-Amerika Qadın Cəmiyyətinin sədri Minəvvər Vahabova və Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədr müavini Kərim İsmayılov “Koronavirusla mübarizədə QHT sektorunun töhfəsi ilə bağlı ən yaxşı xarici təcrübə” mövzusu ətgrafında çıxış ediblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev ölkə QHT-lərini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsində fəallığı artırmağa çağırıb.

Səhiyyə Nazirliyinin nümayəndəsi Səbinə Babazadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Sevinc Məmmədova və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nahid Quliyev konfransda çıxış edərək, qlobal pandemiya təhlükəsinin davam etdiyi hazırkı günlərdə QHT-lərin bu sahədə fəaliyyətinin zəruriliyini bildirərək əməkdaşlığa hazır olduqlarını deyiblər.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Şuranın katibi Nərgiz Eyvazova, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin sədri Qalib Nəbiyev, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva, “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev, Şəmkir Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Bədəlov, Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Büllur Məmmədova, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas və digər QHT rəhbərləri çıxışlarında QHT-lərin pandemiya ilə mübarizə sahəsində fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı təkliflərini səsləndiriblər. Natiqlər mövcud şəraitdə QHT-lərin onlayn konfransının ən optimal variant olduğunu bildiriblər.

Videokonfransda QHT-lərin koronavirusla mübarizədə fəaliyyətlərini koordinasiya etmək və əməkdaşlığı artırmaq üçün QHT-lərin Onlayn Operativ Qərargahının yaradılması barədə qərar qəbul olunub. Regionlarda koronavirus pandemiyası barədə QHT-lərin ictimai maarifləndirmə və monitorinq işini daha da genişləndirməsinə ehtiyac duyulduğu bildirilib. Toplantıda irəli sürülən bütün təkliflərin ümumiləşdirilərək Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunması qərara alınıb.

Konfrans iştirakçıları ölkəmizdə koronavirusla mübarizədə görülən təsirli tədbirlərə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər. QHT rəhbərləri, həmçinin fədakar fəaliyyətlərinə görə həkimləri və polisləri alqışlayıblar.


Create Account



Log In Your Account