May 01 2020 15:28
Elshad Aliyev
Views: 403

Qırğızıstan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları əsasında dinc yolla və diplomatik metodlarla nizamlanmasının tərəfdarıdır. Qırğızıstan Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıyaraq BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsini dəstəkləyir. Qırğız Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Bakıt Yusupov bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Müsahibəni oxuculara təqdim edirik.

- 2019-cu ildə Azərbaycan və Qırğızıstan arasında həm ali, həm də yüksək səviyyələrdə görüşlərin və danışıqların sayı artıb. Bu, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığa marağın artmasına dəlalət edirmi?

- Azərbaycan Respublikası ilə Qırğız Respublikasının ənənəvi əməkdaşlığı hər iki tərəfin qarşılıqlı sərfəli əməkdaşlığı inkişaf etdirmək və genişləndirmək istəyinə əsaslanır. Buraya onu da əlavə etmək lazımdır ki, son illərdə Qırğızıstanın xarici siyasəti dünyada, o cümlədən Cənubi Qafqaz regionunda öz maraqlarını fəal irəlilətmək xarakteri kəsb edir. Bu istiqamətdə Qırğızıstan-Azərbaycan əlaqələrinin möhkəmlədilməsində ciddi irəliləyiş nəzərə çarpır. Qeyd etmək lazımdır ki, Qırğızıstanın və Azərbaycanın dövlət başçılarının şəxsi görüşləri və telefon söhbətləri ikitərəfli qarşılıqlı əlaqələrin inkişafına təkan verib.

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun 2019-cu il oktyabrın 14-16-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Sammitində iştirakı çərçivəsində onun Azərbaycana işçi səfəri mühüm hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Sooronbay Jeenbekovun görüşündə hər iki ölkənin dövlət başçıları sıx və konstruktiv siyasi dialoqu davam etdirməyə, etimada və qarşılıqlı dəstəyə əsaslanana əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə hazır olduqlarını təsdiq etdilər.

Parlamentlərarası səviyyədə əməkdaşlığın inkişafı Qırğızıstan-Azərbaycan qarşılıqlı əlaqələrində mühüm rol oynayır. İkitərəfli danışıqlar çərçivəsində, həmçinin müxtəlif parlamentlərarası məkanlarda keçirilən görüşlərdə parlamentlərarası və dövlətlərarası əməkdaşlığın ən aktual məsələləri müzakirə edilir.

Məsələn, Qırğız Respublikası Joqorku Keneşinin sədri Dastan Cumabekov 2019-cu il dekabrın 17-də Bakıda TürkPA-nın 9-cu Plenar iclasında iştirakı çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşüb.

Qeyd etmək lazımdır ki, yüksək səviyyədə əlaqələrdən başqa son dövrdə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekovun əlaqələri də kifayət qədər intensiv xarakter daşıyır, onların söhbətlərində ikitərəfli münasibətlərin inkişafının hədəflərinə nail olmaq yolları müzakirə edilir.

Sevindirici haldır ki, 2020-ci ilin əvvəlindən tərəflərin qarşılıqlı əlaqələrində artım dinamikası müşahidə olunur.

-Azərbaycan və Qırğızıstan prezidentləri arasında danışıqların nəticələrini şərh edə bilərdinizmi? Əldə edilmiş razılaşmalar necə reallaşır?

-Tərəflər yüksək səviyyədə siyasi əlaqələri dəstəkləmək, həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər təşkil etmək barədə razılığa gəliblər.

Keçən il oktyabr ayında Bakıda Qırğız Respublikasının və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə Qırğızıstan və Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələrinin inkişafı məsələsi də müzakirə edilmişdi. Bu, dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafının əsas amillərindən biridir. Bununla əlaqədar, Azərbaycan tərəfi Qırğızıstandan Avropa İttifaqı ölkələrinə yüklərin çatdırılması üçün “Bakı-Tbilisi-Qars” marşrutunun potensialından və üstünlüklərindən istifadə etməyi təklif etdi. Bundan başqa, dövlət başçıları investisiya siyasəti sahəsində ticari-iqtisadi əməkdaşlığın inkişafının əhəmiyyətini vurğuladılar.

Qırğızıstan-Azərbaycan biznes-forumunun keçirilməsi və mümkün investisiya layihələrinin reallaşdırması üçün Azərbaycan investorlarının Qırğızıstan Respublikasına səfərinin təşkili haqqında razılaşmanı ayrıca qeyd etmək lazımdır. Bu barədə bu il fevralın 6-da Qırğızıstan Respublikasının xarici işlər naziri Ç.Aydarbekovun Bakıda Türk Şurası ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar yığıncağı çərçivəsində Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovla ikitərəfli görüşlərində razılaşma əldə edilib. Bununla əlaqədar, birgə biznes-forumun təşkilatı məsələsi ikitərəfli münasibətlərin gündəliyindədir.

Ən əhəmiyyətli istiqamətlərdən biri də mədəni-humanitar əməkdaşlıq məsələsidir. Ölkələrimizin təhsil, yaradıcılıq və idman sahələrinin nümayəndələri daim sıx əlaqə saxlayırlar. Qırğızıstanda elan edilmiş Regionların inkişafı, ölkənin rəqəmsallaşması və uşaqlara dəstək ili çərçivəsində bu istiqamətdə fəal iş aparılır. İki ölkənin bəzi şəhərləri arasında qardaşlaşma münasibətləri yaradılması planlaşdırılır.

Onu da qeyd etmək lazımdır ki, 2019-cu il dekabrın 24-də Bişkekdə Heydər Əliyev adına ümumtəhsil məktəbinin təməli qoyulub, 2020-ci il yanvarın 10-da isə Qırğızıstan Prezidentinin iştirakı ilə Qırğızıstan-Azərbaycan Dostluq Parkının tikintisinin təməlqoyma mərasimi keçirilib. Bu obyektlərin tikintisi iki ölkənin dostluğu və qardaşlığının rəmzləri olacaq. Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına planlaşdırılan səfəri zamanı həmin obyektlərə baş çəkməsi üçün Qırğızıstan tərəfi bu səfərə qədər onların tikintisini başa çatdırmağa çalışır.

-Xahiş edirəm, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq haqqında bir qədər məlumat verin.

-İkitərəfli münasibətlərin inkişafının ümumi dinamikası beynəlxalq məkanlarda, o cümlədən BMT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı dəstəyi hesabına daha da möhkəmlənir. Bu halda beynəlxalq gündəliyin aktual məsələləri barədə Qırğızıstanın və Azərbaycanın mövqeləri uyğun gəlir.

Bütövlükdə, beynəlxalq təşkilatların fəaliyyəti çərçivəsində Qırğızıstanın və Azərbaycanın əməkdaşlığı durmadan inkişaf edir, iqtisadi, mədəni-humanitar və hüquq-mühafizə sahələrində qarşılıqlı əlaqələr dərinləşir. Yeni təhdidlərə və təhlükələrə qarşı mübarizə də əməkdaşlığın mühüm istiqamətidir.

-Bu kontekstdə, Siz yaxın vaxtlarda Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirilməsini şərh edə bilərdinizmi?

-Azərbaycanın Dağlıq Qarabağ regionunda qondarma “seçkilər” keçirilməsi barədə bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Qırğızıstanın da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TürkPA bəyanatlarla çıxış ediblər.

Məlum olduğu kimi,

Qırğızıstan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları əsasında dinc yolla və diplomatik metodlarla nizamlanmasının tərəfdarıdır. Qırğızıstan Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıyaraq BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsini dəstəkləyir.

Qırğızıstan diplomatik münasibətlər yaratdığı hər bir dövlətin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsiplərinə tərəfdardır.

-Koronavirus pandemiyası Azərbaycanla Qırğızıstanın ikitərəfli münasibətlərinin inkişaf tempinə təsir edibmi?

-Dünyanın bütün ölkələrini və regionlarını bürümüş koronavirus pandemiyası şəraitində dünya birliyi pandemiyanın bütün mümkün nəticələrini və ona qarşı mübarizə tədbirlərini müzakirə edir.

Bu fonda koronavirusun nəticələrinin qarşısının alınması üzrə həm Qırğızıstanda, həm də Azərbaycanda görülən tədbirlərlə yanaşı, yuxarıda göstərilən ikitərəfli görüşlər və danışıqlar çərçivəsində əldə edilmiş razılaşmaların reallaşdırılması üzrə fəal iş gedir.

Xüsusi halda, gündəlikdəki aktual məsələlərin müzakirəsi üçün xarici siyasət idarələrinin başçıları müntəzəm olaraq operativ əlaqə saxlayırlar. Aprelin 27-də Qırğız Respublikasının və Azərbaycan Respublikasının xarici siyasət idarələrinin başçıları arasında telefon söhbəti olub, koronavirusa qarşı mübarizə şəraitində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib.

Bu il aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Sammitinin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Həmin Sammitdə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olundu. Tərəflərin bütün təşəbbüsləri Sammitin yekun sənədinə — Bakı bəyannaməsinə daxil edilib. Bu sənəd mehriban qonşuluq və qarşılıqlı dəstək prinsipləri əsasında formalaşmış razılaşmaların reallaşdırılması üçün siyasi platforma olmalıdır.


Create Account



Log In Your Account