Mar 31 2018 14:37
Ferah Sabirqizi
Views: 321

Millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı fikirlərini açıqlayıb. Milli Məclis üzvünün məqaləsini CBC.AZ oxucularına təqdim edirik:

 "Milli dövlətçiliyimizin çox əsrlik təkamülü tarixində Azərbaycan ərazisi çoxsaylı savaşların meydanı olub. Bu ərazidə regionun və dünyanın böyük güc sahibləri üz-üzə gəliblər. Lakin 20-ci əsrə qədərki dövrdə heç zaman yerli əhalinin – Azərbaycan türklərinin kütləvi qırğınına, etnik və dini mənsubiyyət zəminində məhv edilməsi hallarına rast gəlinməyib. 19-cu əsrin birinci yarısında torpaqlarımıza yerləşdirilən ermənilər Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirdikcə  xalqlar arasında nifaq salmağa, bu ərazinin aborigen əhalisinə qarşı təxribatlar törətməyə və nəhayət, torpaqlarımızı özününküləşdirməyə başladılar. Əsrlər boyu multikultural dəyərlər əsasında yaşamış cənubi Qafqaz xalqları həmin dövrdən bu günədək zaman-zaman şiddətlənən erməni terrorizmindən hələ də əziyyət çəkir. Keçən əsrin əvvəllərində  minlərlə dinc insanın vəhşicəsinə qətl edilməsi ilə başlanan geniş miqyaslı terror qısa bir müddətdə daha da təşkilatlanaraq insanlıq əleyhinə cinayətlərə və soyqırımlarına çevrildi. 100 il əvvəl, 1918-ci ilin mart ayında artıq on minlərlə azərbaycanlı əvvəlcədən düşünülüb planlaşdırılmış  soyqırımı hadisələrinin qurbanlarına çevrildilər. O zamankı  imperialist qüvvələrin və onların əlaltısı olan ermənilərin planı  Cənubi Qafqaz ərazisinin bütün müsəlman əhalisini öz torpaqlarından qovub çıxarmaqla bu ərazidə oyuncaq erməni dövləti yaratmaq idi. 1918-ci ildə regionda sülh yaratmaq naminə Azərbaycan torpaqlarının bir hissəsində tarixdə ilk erməni dövlətinin yaradılması da təəssüf ki, bu planların qarşısını ala bilmədi. Bütün 20-ci əsr boyunca Azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması, kütləvi surətdə deportasiyası və kütləvi surətdə qətlə yetirilməsi davam etdi. Bu gün də torpaqlarımızın 20%-i erməni faşistlərinin işğalı altındadır və 1 milyona yaxın insan öz evlərinə dönəcəyi günü böyük ümidlə gözləyir.

Ən azı son 100 ili  xalqımız özü öz dərdləri və faciələri ilə baş-başa qalıb. Nə sovetlərdən əvvəl, nə də 70 illik sovet dönəmində son 200 il ərzində xalqın başına gətirilən fəlakətlər barədə dünyaya informasiya çıxışımız olmayıb. Hətta hadisələrin şahidlərinə də baş verənlər barəsində danışmaq yasaq olunub, danışanlar dərhal susdurulub. Dünyanın dörd tərəfinə səpələnmiş ermənilər isə bütün bu dövr ərzində “əzilən, öldürülən, məzlum xalq” cildinə girərək , qədim türk torpaqlarında törətdikləri amansız cinayətləri – soyqırımı cinayətlərini ört-basdır etməyə nail olublar. Lakin erməni həyasızlığı erməni iddiaları qədər sonsuzdur. Onlar bununla da kifayətlənməyib və imperialist havadarlarının köməyi ilə guya özlərinin soyqırımına məruz qaldıqlarını iddia etməyə başlayıblar. Ermənilər türk dünyasının beynəlxalq siyasət  səhnəsində sıxışdırılması şəraitində saxta “ erməni soyqırımı” iddialarının dünyanın bir sıra ölkələrində tanınmasına da nail ola biliblər. Belə bir şəraitdə qarşımızda duran vəzifələrin məsuliyyətini dərk edərək 100 ildən çox xalqımıza qarşı aparılan  fiziki və mənəvi terrorun qarşısını almaq, əsl həqiqətlərin dünya tərəfindən tanınmasını və qəbul olunmasını təmin etmək üçün əlindən gələni etmək hər bir azərbaycanlının şəxsi öhdəliyi və şərəf borcu olmalıdır.

Xalqımıza qarşı soyqırımı siyasətini dayandırmaq və Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını tam dolğun şəkildə birdəfəlik təmin etmək üçün ilk növbədə, baş vermiş hadisələrin dərindən öyrənilməsi, bu bilgilərin hər bir vətəndaşa öyrədilməsi və eyni zamanda soyqırımı hadisələrinin dünya miqyasında tanıdılması mühüm əhəmiyyət daşıyır. 1998-ci ildə prezident Heydər Əliyevin Sərəncamı ilə 31 Mart tarixinin “Azərbaycanlıların soyqırımı günü” elan edilməsi bu tədbirlərin dünya miqyasında həyat keçirilməsinə təkan verdi və geniş imkanlar yaratdı. Bu istiqamətdə dövlət qurumları tərəfindən, qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyətləri və ziyalılar tərəfindən çoxsaylı tədbirlər həyata keçirilir. Elmi-tədqiqat institutları çoxsaylı araşdırmalar aparır və elmi əsərlər yazılır. Bütün bunlara baxmayaraq, dünya miqyasında Azərbaycan tarixinə dair, xüsusilə, xalqımızın soyqırımı tarixi ilə bağlı bilgilər olduqca azdır və biz digər ölkələrin siyasətçiləri ilə görüşlərimizdə bir daha bunun şahidi oluruq.  Bu vəziyyət düşmənlərimizin özlərinin uydurduqları “tarixi faktlar” əsasında əks-təbliğat aparmasına, real tarixi hadisələrin təhrif olunmasına imkan yaradır. Beynəlxalq mediada və elmi dövriyyədə belə hallara tez-tez rast gəlmək mümkündür. Məsələn, 2015-ci ildə ABŞ-nın Kaliforniya Ştatında Joseph R. Rudolf adlı bir naşirin tərtibatçılığı ilə “Müasir etnik münaqişələrin Ensiklopediyası” adlı kitab buraxılıb. Bu kitabda dünyada baş verən bir sıra etnik münaqişələrlə yanaşı  Azərbaycan-Ermənistan münaqişəsinə də yer verilib. Lakin Dağlıq Qarabağ münaqişənin mahiyyətini anlatmaq üçün istifadə olunan şərhlərin çox böyük hissəsi erməni müəllifləri tərəfindən yazılmış mənbələrdən götürülüb. Azərbaycan mənbələrinə istinada cəmi bir yerdə rast gəlinir, o da sovet dövrünün sonlarında Moskva tərəfindən Azərbaycana prezident təyin olunmuş Ayaz Mütəllibovun verdiyi  müsahibədən ibarətdir. Kitabın formatından belə bir nəticəyə gəlmək olur ki, tərtibatçı dünyada baş verən etnik münaqişələrin ensiklopediyasını tərtib etmək üçün mənbə kimi on-line resurslarda yer alan analitik materiallardan istifadə edib. Bu fakt nə qədər təəssüfləndirici olsa da, eyni zamanda həm də nəticə çıxarmağa və informasiya siyasətimizdə olan boşluqları görməyə imkan yaradır.

Bu onu göstərir ki, beynəlxalq mediada, beynəlxalq elmi – kütləvi nəşrlərdə Azərbaycan həqiqətlərinin yayılması istiqamətində hələ çox işlər görülməlidir. İlk növbədə, ölkəmizin dövlətçilik tarixi ilə bağlı, eləcə də müasir tariximizlə bağlı qısa və konkret bilgilərin xarici tədqiqatçılara açıq və əlçatan olmasını təmin etməkdən olduqca zəruridir. Xüsusilə soyqırımları ilə bağlı aparılmış araşdırmalar, müxtəlif dövrlərdə qəbul olunmuş rəsmi sənədlər, faktları təsdiqləyən istintaq materialları və s. on-line resurslarda dünyanın müxtəlif aparıcı dillərində təqdim olunmalı və şərh olunmalıdır. Hal-hazırda bir çox ölkələrdə, o cümlədən, İspaniyada, İtaliyada, Fransada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələri araşdıran tədqiqatçılar var və onlar da on-line resurslarda soyqırım hadisələrinə dair faktların, bu faktları təsdiq edən sənədlərin tapılmamasından əziyyət çəkdiklərini bildirirlər. Hətta Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 80-ci illərin sonlarında və 90-cı illərin əvvəllərində qəbul olunmuş rəsmi sənədlərin bir qisminə arxivlərin on-line versiyalarında rast gəlinmir və xarici tədqiqatçılara rəsmi sənədlər əsasında ətraflı araşdırmalar aparıb, ədalətli nəticəyə gəlməsi üçün çətinlik yaradır.

Ölkə daxilində vətəndaşlarımızın öz  tariximizə dair xüsusi əhəmiyyət kəsb edən bilgilərinin də məhdud olması təəssüf doğurur. Orta və ali təhsil müəssisələrimizdə tarix fənninin tədrisinin daha səmərəli şəkildə yenidən qurulmasına ehtiyac hiss olunmaqdadır. Birinci növbədə, orta məktəb dərsliklərində Azərbaycan tarixinin öyrədilməsi prosesində bu bilgilər daha optimal şəkildə sistemləşdirilməli və daha səmərəli formada tədris edilməlidir. Əlbəttə, orta məktəbin ayrı-ayrı siniflərində soyqırımı hadisələrinə dair  məlumatlar var və öyrədilir. Lakin bir sıra orta məktəb müəllimləri ilə apardığım söhbətlərdən belə qənaətə gəlmək olur ki, bu biliklər fərqli siniflərdə ayrı-ayrı tarixi epizodlar şəklində öyrədildiyindən şagirdlərin təsəvvüründə soyqırımı tarixinin ardıcıl, mükəmməl mənzərəsi yaranmır. Ona görə də ilk növbədə hələ aşağı siniflərdən başlayaraq şagirdlərə Azərbaycan dövlətçiliyinin atributları və tarixi barədə, tarixi dövlətçilik ənənələrimiz barədə qısa, lakin əhəmiyyətli biliklərin verilməsi çox vacibdir. Daha sonrakı orta siniflərdə tarixi hadisələrin gedişatı, mahiyyəti və nəticələri haqqında ətraflı biliklər verilməli, orta məktəbi bitirmək ərəfəsində isə Azərbaycan tarixi üzrə qazanılmış bütün biliklərin qısa xronikasının ümumiləşdirilmiş şəkildə bir daha tədris edilməsi bu boşluqları aradan qaldıra bilər. Yeri gəlmişkən,  Avropa ölkələrinin məktəblərində tarix fənni üzrə tətbiq edilən curriculum ölkə tarixinin məhz 3 mərhələdə öyrədilməsini nəzərdə tutur ki, bizim də bu təcrübədən yararlanmağımız faydalı olardı.

Bu və digər çatışmazlıqların müvafiq qurumlar tərəfindən nəzərə alınması və onların aradan qaldırılması üçün lazımi addımların atılması son 100 ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırım faktlarının dünya ictimaiyyətinə, beynəlxalq elmi, siyasi dairələrə obyektiv şəkildə çatdırılmasına yardım edəcəyinə inanıram. Lakin bütün bunlar problemin tam həlli deyil. Torpaqlarımız hələ də düşmən tapdağı altındadır, soydaşlarımız dədə-baba ocaqlarına qayıtmağın həsrəti ilə üzülür. Dünya həmişə olduğu kimi susur. Bizimsə bir yolumuz var - öz həqiqətlərimizi özümüz öyrənməli və bütün dünyaya öyrətməliyik. Faciələrimizi özümüz araşdırmalı, bütün dünyaya da özümüz tanıtmalıyıq. Ona da inanıram ki, çox şey öz əlimizdədir. Çünki biz varlığı ilə qürur duyduğumuz, varlığı üçün can verməyə və qan tökməyə hazır olduğumuz müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq.  100 illik ədalətsiz təzyiqlərin, fiziki və mənəvi terrorun, başımıza gətirilən soyqırımı faciələrinin qalibiyyətli sonluğunu da üçrəngli bayrağımızın altında özümüz yazmalıyıq!"


Create Account



Log In Your Account