Apr 23 2021 12:03
Elshad Aliyev
Views: 113

Hindistanın Baş naziri Narendra Modi investisiyaların cəlb olunmasına köməklik göstərmək və yaşıl əməkdaşlığın reallaşdırılmasına imkan yaratmaq məqsədilə Hindistan-ABŞ iqlim və təmiz enerji üzrə tərəfdaşlığını elan edib. AZƏRTAC xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.

Birləşmiş Ştatların ev sahibliyi etdiyi iqlim mövzusunda keçirilən liderlərin virtual sammitində Baş nazir Modi qeyd edib: “İqlimlə bağlı məsuliyyətli addımlar atan bir ölkə kimi Hindistan, tərəfdaşlarını Hindistanda davamlı inkişafla bağlı sistemlər yaratmağa çağırır. Bütün bunlar, həmçinin yaşıl maliyyəyə və təmiz texnologiyaları əlverişli formada əldə etməyə ehtiyacı olan digər inkişaf etməkdə olan ölkələrə kömək edə bilər. Buna görə də, Prezident Bayden və mən “Hindistan-ABŞ iqlim və 2030-cu il təmiz enerji ilə bağlı gündəm əməkdaşlığı”na başlayırıq. Biz birlikdə investisiyaların səfərbər olmasına, təmiz texnologiyaların nümayiş etdirilməsinə və yaşıl əməkdaşlığın həyata keçirilməsinə köməklik edəcəyik”.

İqlim dəyişikliyi ilə bağlı təhlükəni dünyada milyonlarla insan üçün "yaşanmış bir reallıq" adlandıran Baş nazir Modi, Hindistanın həyat tərzinin davamlı ənənəvi təcrübələrə dayandığını və inkişafla bağlı çətinliklərə baxmayaraq, təmiz enerji üzrə çox cəsarətli addımların atıldığını söyləyib.

O deyib: "Bəşəriyyət hazırda qlobal pandemiya ilə mübarizə aparır və bu hal iqlim dəyişikliyi təhlükəsinin aradan qaldırılmadığını bir daha xatırladır. Bu, dünyada milyonlarla insanın yaşadığı bir gerçəklikdir"

Baş nazir Modi əlavə etdi ki, Hindistanın adambaşına düşən karbon ayaq izi qlobal ortalamadan 60 faizdən daha aşağıdır və bu hal buradakı həyat tərzinin hələ də davamlı ənənəvi təcrübələrə dayanır.

Sammitdə 40-a yaxın dünya lideri iştirak edib. Sammit 2021-ci ilin noyabr ayında Tərəflərin 26-cı BMT İqlim Dəyişikliyi Konfransına (COP26) hazırlıq ərəfəsində keçirilən iqlim problemlərinə həsr olunmuş bir sıra qlobal görüşlərin bir hissəsidir.


Create Account



Log In Your Account