Feb 13 2017 11:31
Ulviyye Sabirqizi
Views: 1486

Britaniyalı müğənni Adel "İlin ən yaxşı albomu" və "İlin ən yaxşı mahnısı" nominasiyalarında Amerika Səsyazma Akademiyasının əsas mükafatı olan "Qremmi" heykəlciyini qazanıb.

O, "25" albomu və "Hello" sinqlına görə mükafatlara sahib çıxıb. Qalibin adını kanadalı müğənni Selin Dion açıqlayıb və ona mükafatı təqdim edib.

Qeyd edək ki, "İlin ən yaxşı mahnısı" nominasiyasına Beyonsun "Formation", Castin Biberin "Love Yourself", Lukas Qremin "7 Years", Mayk Poznerin "I took a Pill in Ibiza" mahnıları da iddialı olub. "İlin ən yaxşı albomu" nominasiyasında "25" albomunun rəqibləri isə Beyonsun "Lemonade", kanadalı reper Dreykin "Views", Castin Biberin "Purpose" və kantri-rok-musiqiçi Stercil Simpsonun "A Saillor`s Guide To Earth" albomları olub.

Los-Ancelesdə keçirilən 59-cu təntənəli mükafatlandırma mərasimində britaniyalı mərhum rok müğənni Devid Boui ölümündən sonra dörd "Qremmi" mükafatına layiq görülüb. Onun sonuncu "Blackstar" albomu dörd nominasiyada - "Ən yaxşı alternativ albom", "Qeyri-klassik albomun ən yaxşı injinirinqi", "Ən yaxşı rok ifaçı" və "Ən yaxşı rok kompozisiya" nominasiyalarında qalib olub.

"Ən yaxşı albom dizaynı" nominasiyasında mükafatı "Blackstar"ın üz qabığı və bukletlərini hazırlamış dizayner Conatan Barnbruk qazanıb.

Amerikalı müğənni Beyons də "Qremmi" mükafatının sahiblərindən olub. O, bu dəfə "Fotmation" mahnısına çəkdirdiyi klipə görə "Ən yaxşı musiqili video" nominasiyasının qalibi olub.
 

 


Create Account



Log In Your Account