Dec 26 2019 12:57
Elshad Aliyev
Views: 143

Gələn il yanvarın 1-dən transmilli şirkətlərin Azərbaycandakı törəmələrinə qarşı yeni tələb qoyulur.

APA-Economics”in məlumatına görə, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Vergi Məcəlləsinə ilk dəfə olaraq Transmilli Şirkətlər Qrupu anlayışı daxil edilib. Qanuna əsasən, transmilli şirkətlər qrupu müxtəlif ölkələrdə rezident olan iki və ya daha çox müəssisənin daxil olduğu və ya bir ölkədə rezident olan və başqa ölkədə daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən müəssisənin daxil olduğu şirkətlər qrupudur. Transmilli şirkətlər qrupuna daxil olan müəssisə dedikdə həmin müəssisə, həmin müəssisənin törəmə və asılı müəssisələri, habelə filial və nümayəndəlikləri nəzərdə tutulur. Transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 mln. avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə müvafiq İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş müddətdə, formada və qaydada hesabatı vergi orqanına təqdim edəcək. Hesabatın verilməsini şərtləndirən məbləğ həddi transmilli şirkətlər qrupunun maliyyə hesabatları əsasında müəyyən ediləcək.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinə 3 ay müddətində  transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatı vergi orqanına təqdim etməsi müddətini, formasını və qaydasını təsdiq edərək Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.


Create Account



Log In Your Account