Aug 09 2019 13:32
Ferah Sabirqizi
Views: 61

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəndə Xəzər dənizinə düşdüyü ehtimal edilən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev hazırda itkin düşmüş sayılır.


Create Account



Log In Your Account