Mar 10 2020 13:34
Elshad Aliyev
Views: 59

İran Prezidenti Həsən Ruhani ABŞ-ın koronovirusa qarşı mübarizədə İrana yardım təklifini qəbul etməyib.

AZƏRTAC xəbər verir ki, H.Ruhani İrana qarşı sanksiyalar tətbiq etməklə, insanları məhrumiyyətlərə düçar edən bir dövlətin rəsmilərinin yardım bəyanatlarının səmimi olmadığını bildirib. O deyib: “İndi biz İran xalqına qarşı düşmənçilik siyasəti yürüdən insanların yardım təklifini qəbul etmirik”.

Prezident bəyan edib ki, əgər ABŞ rəsmiləri səmimidirlərsə, onda İranın səhiyyə sahəsinə tətbiq etdikləri sanksiyanı aradan qaldırsınlar və insanlar əziyyətdən xilas olsunlar. H.Ruhani bildirib ki, İran xalqı ABŞ rəsmilərinin yalan danışdığını başa düşür və onların yardımına ümid etmir. İran öz imkanları hesabına koronavirusa qarşı mübarizə apararaq onu məhv edəcək.

Həmçinin Prezident Həsən Ruhani bu çətin günlərdə İran xalqına yardım əlini uzadan dövlətlərə, o cümlədən Azərbaycana təşəkkürünü bildirib.

İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur KİV nümayəndələrinə bildirib ki, hazırda ölkədə bu virusa yoluxan 7161 nəfər var. Bu günədək virusa yoluxan 240 nəfər həyatını itirib. Onun sözlərinə görə, son 24 saatda koronavirusa 595 nəfər yoluxub. Tehranda və digər şəhərlərdə dezinfeskiya işləri davam etdirilir. Novruz bayramı ilə əlaqədar keçirilməsi nəzərdə tutulan bütün kütləvi tədbirlər təxirə salınıb. Məktəblər, universitetlər, uşaq bağçaları hələ də bağlı olaraq qalır.


Create Account



Log In Your Account