May 20 2021 16:58
Elshad Aliyev
Views: 124

Uzun illərdən sonra ilk dəfə olaraq İranın yüksəksəviyyəli diplomatı ilə ABŞ senatoru arasında müzakirə aparılıb.

AZƏRTAC xəbər verir ki, İranın BMT yanındakı daimi nümayəndəsi Məcid Təxtirəvanc ilə senator Kris Merfi arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların aradan qaldırılması məsələləri müzakirə edilib.

Bildirilib ki, sanksiyalar xalqın sosial vəziyyətini ağırlaşdırır, ona görə də Vyana danışıqlarında sanksiyaların ləğvi istiqamətində müsbət nəticə əldə etmək lazımdır.

Xatırladaq ki, Vyanada Avropa İttifaqı, Çin, Rusiya, Almaniya, Böyük Britaniya nümayəndələri ilə danışıqlar aparan İranın xarici işlər nazirinin müavini Abbas Ərakçının və Prezident Həsən Ruhaninin bəyanatları danışıqların konstruktiv şəkildə keçdiyini və sanksiyaların ləğvi gözlənilən olduğunu deməyə əsas verir.

Lakin ABŞ-ın bütün sanksiyalarının birdəfəlik aradan qaldırılması heç də asan məsələ deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Prezident Cozef Bayden Konqres tərəfindən qanunvericilik orqanları səviyyəsində tətbiq olunan sanksiyaları ləğv edə bilməz. Bu məsələ Konqresin hər iki palatasında müzakirə edilməlidir. Prezident yalnız öz qərarı ilə tətbiq olunan sanksiyaları ləğv edə bilər.

Müzakirə zamanı Yəmən və Fələstin problemlərinə də toxunulub.


Create Account



Log In Your Account