Apr 23 2020 15:40
Elshad Aliyev
Views: 59

İranın “Nur” hərbi peykinin fəzaya buraxılması anından 90 dəqiqədən sonra peykdən siqnal daxil olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçilərinin Korpusunun (Sepah) Hərbi Kosmik Qüvvələrinin komandanı, general Əmirəli Hacızadə deyib.

O bildirib ki, peyk Yer kürəsi ətrafında 3 dəfə dövr edib və elə 3 dəfə də ABŞ üzərindən keçib.

General nəzərə çatdırıb ki, peykdən qiymətli foto və videomateriallar alınıb. Onun sözlərinə görə, İran artıq fəzaya hərbi raket buraxmaq təcrübəsinə malikdir və istədiyi zaman bunu təkrarlaya bilər.

Lakin İranın bu addımı ABŞ tərəfindən birmənalı qarşılanmayıb. ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib ki, rəsmi Vaşinqton bu məsələnin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq. Çünki İranın fəzaya hərbi peyk buraxması BMT-nin 2231 saylı qətnaməsinə ziddir.

ABŞ-ın dövlət katibi Maykl Pompeo isə bəyan edib ki, bu işə görə İran məsuliyyət daşımalıdır.


Create Account



Log In Your Account