Apr 16 2020 11:34
Elshad Aliyev
Views: 67

Rusiya Federasiyasının “Rossiya 1” telekanalı tamaşaçıların diqqətini Leninqrad vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirdiyi xeyriyyə aksiyasına cəlb edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, aksiya ilə bağlı yayımlanan süjetdə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin özünütəcrid şəraitində yaşayan 5 min aztəminatlı ailəyə ərzaq yardımı göstərmək, məktəblilərə isə təhsillərini distant şəkildə davam etdirmək üçün 200 planşet hədiyyə etmək təşəbbüsünün Leninqrad vilayətinin hökuməti tərəfindən dəstəkləndiyi bildirilib. Bunun üçün işçi qrup yaradılıb. Ərzaq paketinə un və yarma məmulatları, konservlər, yağlar, şəkər tozu və digər zəruri məhsullar daxil edilib. Mənzillərini tərk etməmələri üçün ərzaq paketləri birbaşa ailələrin ünvanlarına çatdırılıb.

Leninqrad vilayətinin daxili siyasət üzrə vitse-qubernatoru Aleksey Kondraşov bildirib ki, Azərbaycan Milli-Mədəni Muxtariyyətinin 5 min aztəminatlı ailəni əhatə edən ərzaq yardımını yerli hökumətə təhvil verməsinə çox seviniblər. O deyib: “Bu yardım rayon administrasiyalarının başçıları tərəfindən bütün vilayətdəki aztəminatlı ailələrə paylanılacaq”.

Qeyd edilib ki, hazırda vilayətin sosial yardım xidmətlərinin əməkdaşları bu işə qoşulublar. Onlar rayon administrasiyalarında hazırlanan ərzaq paketlərini qəbul edib, aztəminatlı ailələrin ünvanlarına çatdırırlar.

Süjetin sonunda bildirilib ki, Azərbaycan diasporu peterburqlulara da yardım etməyi unutmayıb. Sankt-Peterburqun aztəminatlı ailələri və təqaüdçülərinə paylanılması üçün 20 min ərzaq qutusu və 500 ədəd planşet hazırlanıb.


Create Account



Log In Your Account