Feb 14 2020 10:27
Elshad Aliyev
Views: 63

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans davam edir.

AZƏRTAC xəbər verir ki, konfransın ikinci günü 7 bölmə - “Dövlət idarəetməsinin rəqəmsal transformasiyası”, “Rəqəmsal əməkdaşlığa regional baxış”, “Maliyyə sektorunun rəqəmsallaşması”, “Sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası”, “Rəqəmsal transformasiyada texnoloji, humanitar və etik problemlər”, “Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, “Ağıllı şəhər: beynəlxalq təcrübə” üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Xatırladaq ki, konfransın keçirilməsində məqsəd rəqəmsal iqtisadiyyatın müasir vəziyyəti və onun inkişafını zəruri edən amillərin araşdırılması, perspektivlərin müzakirəsi, proqnozlaşdırılması, rəqəmsal idarəetmə sahəsində qabaqcıl fikirlərin bölüşdürülməsidir.

Konfransa 19 ölkədən nümayəndə qatılıb, 95 xarici olmaqla 22 ölkədən 215 məqalə təqdim edilib.

Beynəlxalq konfransa Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, ABŞ-ın Linkoln Universiteti, Fransanın Monpelye Universiteti, Türkiyənin İstanbul Universiteti, Belarus Dövlət İqtisad Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Yunanıstanın Qərbi Makedoniya Universiteti, TİKA – Türkiyə İş Adamları Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi, Türk Dünyası İqtisadçılar Birliyi, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası, Klariveyt Analitks və Rusiyanın Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutu tərəfdaşlıq edir.

 


Create Account



Log In Your Account