Feb 17 2020 11:13
Elshad Aliyev
Views: 56

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans başa çatıb.

UNEC-dən Trend-ə bildirilib ki, konfransın ikinci günü “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının müdiri, akademik Əli Abbasovun moderatorluğu ilə plenar müzakirələr keçirilib. Akademik Ə.Abbasov “Azərbaycanda rəqəmsal iqtisadiyyat, gələcəyə baxış və xarici əməkdaşlıq” mövzusunda geniş təqdimatla çıxış edib. Bildirib ki, konfransda rəqəmsal iqtisadiyyata akademik baxış ortaya qoyulub, eyni zamanda real sektorun bu istiqamətdə fəaliyyəti geniş təhlil edilib.

Sonra isə türkiyəli, estoniyalı alimlərın təqdimatları dinlənilib. Təqdimatlarda rəqəmsal iqtisadiyyatın riskləri və həlli yollarından danışılıb, rəqəmsal iqtisadiyyatla bağlı son trendlər açıqlanıb. Eləcə də Estoniyanın dövlət sektorunda rəqəmsal çevrilmə prosesi barədə ətraflı məlumat verilib.

Konfrans çərçivəsində, həmçinin informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları olub. İlk təqdimatla “AzerTelecom” MMC-nin Baş icraçı direktoru Fuad Allahverdiyev çıxış edib. O, rəhbəri olduğu şirkətin beynəlxalq və regional layihələrindən danışıb.

Daha sonra konfrans iştirakçiları “Sinam” şirkətinin fəaliyyət sahələri barədə məlumat əldə ediblər. Şirkətin prezidenti Elçin Əliyev təqdimatında proqram təminatı və elektron xidmətlər istiqamətində həyata keçirdikləri yenilikləri paylaşıb.

“Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov isə Rəqəmsal transformasiyada insan kapitalının rolundan danışıb. O, rəqəmsal iqtisadiyyat sahəsində kadr hazırlığı istiqamətində “Azərkosmos”la Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihələrdən də söz açıb.

Bundan başqa, “Rəqəmsal transformasiyada texnoloji”, “Humanitar və etik problemlər”, “Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, “Ağıllı şəhər: beynəlxalq təcrübə” adlı bölmə iclaslarında da konfransın mövzusuna aid alimlərin çıxışları olub, müzakirələr aparılıb.

Plenar məruzələr və bölmə iclaslarından sonra beynəlxalq konfransın yekun tədbiri keçirilib. Burada dünyanın 20-dən çox ölkəsindən elmi və beynəlxalq təşkilatları təmsil edən iştirakçıların adından konfransın Bəyannaməsi qəbul olunub.

 


Create Account



Log In Your Account