Mar 07 2017 14:16
Ulviyye Sabirqizi
Views: 1490

"Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam".

CBC-nin məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyimlə əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisində fəaliyyətimi dayandırmalı oluram. Mən on ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün böyük şərəf idi".

Birinci vitse-prezident bildirib ki, müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşmasında Milli Məclisin deputat korpusunun da böyük rolu olub. Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət vəkillərinin birgə əməyi nəticəsində hazırlanan, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir:

"Əziz həmkarlar! Millət vəkili kimi çalışdığım müddət ərzində burada daim xoş ab-havanın şahidi olmuşam. Təbii ki, belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay müəllimin böyük əməyi vardır. O, on ildən artıqdır ki, Milli Məclisin sədri vəzifəsini layiqincə icra edir. Hörmətli Oqtay müəllim, Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!

Hörmətli millət vəkilləri! Namizədliyim irəli sürülmüş Xəzər rayonunun ərazisində 2005-ci ildən bu günədək aparılmış işlər barədə qısa məlumat vermək istərdim".

Mehriban Əliyeva qeyd edib ki, bu müddət ərzində rayonda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa olunub və ya əsaslı təmir edilib. 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla, 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib:

"Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrinin əhalisinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 93 km olan yollar salınıb. Bu illər ərzində irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırılmasını daim ön plana çıxartmışam. Mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Mən fəaliyyətimin bütün mərhələlərində rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal yox, hər zaman çox səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə etdiyimiz bütün nailiyyətlər bizim birgə fəaliyyətimizin nəticəsində mümkün olub. Bu illər ərzində məni dəstəkləyən hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm və əminəm ki, gələcəkdə də Xəzər rayonunun inkişafı üçün tam gücümlə çalışacağam".

Azərbaycanın Birinci vitse-prezidenti Milli Məclisdə təmsil olunduğu müddət ərzində bir sıra təkliflər irəli sürdüyünü deyib: "Humanizim və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013 və 2016-cı illərdə irəli sürdüyüm Amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarilə Amnistiya elan edilməsi haqqında qərarlar əsasında ümumilikdə 39 887 məhkum cəzadan azad edilib. Mən Amnistiya təşəbbüslərini dəstəkləmiş və bununla da 10 minlərlə insana azadlıq bəxş etmiş deputatların hər birinə öz dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək".

Mehriban Əliyeva səhiyyə ilə bağlı bəzi məsələlərə də toxunub: “Səhiyyə ilə bağlı bəzi məsələləri xüsusi vurğulamaq istərdim. Bildiyiniz kimi, səhiyyə sahəsi rəhbərlik etdiyim Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Fondun 2005-ci ildən həyata keçirməyə başladığı “Talassemiyasız həyat” proqramı tez bir zamanda geniş vüsət aldı. Bizim təşəbbüsümüzlə məsələ parlamentdə müzakirəyə çıxarıldı və qısa müddət ərzində “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanunu Milli Məclis tərəfindən qəbul edildi. Fondun təşəbbüsü ilə Bakıda inşa edilmiş Talassemiya Mərkəzi regionda sümük iliyinin köçürülməsini mümkün edən ən müasir avadanlıqla təchiz edilmiş yeganə tibbi müəssisədir. Mərkəz fəaliyyətə başladığı gündən burada 40-dan çox uşaq üzərində sümük iliyi transplantasiyası əməliyyatı aparılıb.

Ümumiyyətlə, ölkəmizdə irsi qan xəstəliklərinin yayılması məni bir həkim kimi narahat edir. Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanımaq üçün bir çox tədbirlər keçirilmişdir".

Birinci vitse-prezident bütün çıxışlarında Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun – ərazimizin 20 faizinin işğal olunması, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığını qeyd edib. Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb:

"Əziz həmkarlar, mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam, Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam.

Bu son günlər mənim ünvanıma soydaşlarımızdan çoxsaylı təbrik məktubları gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəklərə görə mən hər birinə öz dərin minnətdarlığımı bildirirəm".

Mehriban Əliyeva bu gün parlamentdə təmsil olunan qadın həmkarlarını və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart - Ümumdünya Qadınlar Günü münasibətilə təbrik edib: "Mən sizin hər birinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram. Bu illərdə birgə fəaliyyətimizə görə sizə dərin minnətdarlığımı bildirirəm və ümidvaram ki, gələcəkdə bizim əməkdaşlığımız davam edəcək. Qoy Tanrı Azərbaycanı hər zaman qorusun! Diqqətinizə görə sağ olun!"

Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatları çıxış ediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva yekunda bildirib:

"Hörmətli həmkarlar, mənim haqqımda dediyiniz xoş sözlər, fəaliyyətimə verdiyiniz yüksək qiymətlərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Mən əminəm ki, hər bir qələbənin, hər bir böyük nailiyyətin arxasında eyni fikirli, eyni niyyətli, etibarlı, güclü vahid komanda durur.

Yeni vəzifəyə təyin olunduqdan sonra mən öhdəmə düşən məsuliyyəti çox yaxşı dərk edirəm və əlbəttə, həyəcan da keçirirəm. Lakin mən gələcəyə böyük nikbinliklə baxıram. Çünki mənim sizin kimi həmkarlarım var, məni dəstəkləyən minlərlə soydaşımız var, ölkəmizin İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı, eyni zamanda, ən yüksək insani keyfiyyətlərə malik olan prezidentimiz var. Biz birlikdə əyilməz bir gücük. Mən əminəm ki, Azərbaycanın gələcəyi üçün, Azərbaycanın gələcək inkişafı üçün, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimizdən gələni bundan sonra da tam gücümüzlə birlikdə, bir komanda kimi həyata keçirəcəyik".

 


Create Account



Log In Your Account