Apr 14 2017 17:07
Ulviyye Sabirqizi
Views: 58

Suriyadakı vəziyyət Rusiya və Türkiyə prezidentlərinin telefon danışığında əsas müzakirə mövzusu olub. Verilən məlumata görə, “Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədilə birgə işi, habelə, Astana və Cenevrə formatlarında keçirilən Suriyaya dair danışıqlar prosesinə dəstəyi davam etdirmək niyyətində olduqlarını bildiriblər”.

Putin və Ərdoğan Suriyanın Xan Şeyxun şəhərində aprelin 4-də kimyəvi silahdan istifadə ilə bağlı insidentin tezliklə beynəlxalq səviyyədə obyektiv və hərtərəfli araşdırılmasının vacibliyini vurğulayıblar.

Vaşinqtonda səfərdə olan Türkiyənin müdafiə naziri Fikri İşıq isə Ankaranın Birləşmiş Ştatların Suriyanın Şayrat hava bazasını raket atəşinə tutmasını dəstəklədiyini açıqlayıb. O, bunu Suriya hökumətinin öz əhalisinə qarşı kimyəvi silahlardan istifadə etməsi səbəbi ilə izah edib. Fikri İşıq Rusiyanın Bəşər Əsədi dəstəkləməsini qəbuledilməz adlandırıb. Türkiyəli nazir Birləşmiş Ştatları PYD və YPG adı altında fəaliyyət göstərən kürd yaraqlılarının Suriyanın Raqqa şəhərinin geri alınmasında istifadə etməməyə çağırıb.

Bu arada Amerika Birləşmiş Ştatları və Rusiya Suriyada hərbçilər arasında münaqişələrin qarşısının alınması mexanizmini bərpa edib. Bu barədə Dövlət Departamentinin nümayəndəsi Mark Toner açıqlama verib. “Onun nə dərəcədə dəyişdiyini deyə bilmərəm, amma, mənim bildiyimə görə, o qüvvədədir”, - deyə Toner bildirib.  Xatırladaq ki, Rusiya Birləşmiş Ştatların Suriyadakı aviabazanı raket atəşinə tutmasından sonra memorandumda fəaliyyətini dayandırmışdı.
Suriyadakı vəziyyət Vaşinqton-Moskva münasibətlərinə xələl gətirsə də, prezident Donald Tramp Rusiya ilə münasibətlərin normallaşacağına əminliyini açıqlayıb. “Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında hər şey əla olacaq. Zamanla hər kəs özünə gələcək və nəhayət, sülh bərqərar olacaq” – Donald Tramp "Twitter" səhifəsində belə yazıb.

Bu arada Suriya Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Bəşər Əsədin ünvanına səsləndirdiyi təhqiri cavabsız qoymayıb. Ağ ev rəhbərinin bir neçə gün əvvəl Əsədi “heyvan” adlandırmasına cavab olaraq, xarici işlər nazirinin köməkçisi Ayman Sussan “Özünüz heyvansınızsa, düşünmək lazım deyil ki, qalanları da belədir. Bəşər Əsəd suveren dövlətin prezidentidir, o xalq tərəfindən seçilib. Xarakteristikanı da  ona Tramp yox, Suriya xalqı verməlidir”, - deyə cavab verib. 
 

 


Create Account



Log In Your Account