Mar 17 2020 13:13
Elshad Aliyev
Views: 46

Koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əsasən, hazırda Gürcüstan və İrandan şəxslərin və yüngül minik nəqliyyat vasitələrinin gediş-gəlişinə qadağa qoyulub.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, martın 18-dən bu məhdudiyyətlər Rusiya ilə sərhəddə yerləşən gömrük-sərhəd keçid məntəqələrində də tətbiq ediləcək.

Komitəyə çoxsaylı müraciətləri nəzərə alınaraq bir daha bildirilir ki, bu məhdudiyyətlər yalnız sərnişinlərə və yüngül minik avtomobillərinə aiddir. Yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı məhdudiyyət yoxdur.

Virusun geniş yayıldığı İrandan Azərbaycana gələn nəqliyyat vasitələri bir neçə mərhələdə dezinfeksiya edildikdən sonra sərhədə yaxın ərazidəki xüsusi terminala yönləndirilir. Terminalda yüklər Azərbaycan Respublikası qeydiyyat nişanlı nəqliyyat vasitələrinə boşaldılaraq təyinat nöqtəsinə yola salınır.

Tranzit yükləri daşıyan nəqliyyat vasitələrinin isə ölkə ərazisində hərəkəti Dövlət Yol Polisinin müşayiəti ilə həyata keçirilir. Digər ölkələrdən daxil olan yük nəqliyyat vasitələri isə dezinfeksiya işləri aparıldıqdan sonra təyinat nöqtələrinə yola salınır. Hazırda Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, ticarətin asan, maneəsiz və sürətli şəkildə həyata keçirilməsi istiqamətində bütün zəruri addımlar atılır.

Xarici ticarət iştirakçılarının diqqətinə çatdırılır ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində, martın 20-də daxil olmaqla bütün gömrük idarələrində gömrük rəsmiləşdirilməsi fasiləsiz olaraq həyata keçiriləcək.


Create Account



Log In Your Account