May 08 2017 15:13
Naile Hesenova
Views: 882

Rusiya Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrlə əldə edilən və bu ilin birinci yarısını nəzərdə tutan neft hasilatının azaldılması üzrə sazişin daha altı ay uzadılmasını dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bir sıra ssenarilər üzərində dəyərləndirmələr aparılır və neft hasilatının azaldılması sazişinin müddətinin daha uzun bir dövr üçün uzadılmasının bazarda yenidən tarazlığın yaranmasını sürətləndirməyə kömək edə bilər. Rusiya tərəfdaşlarının qlobal neft bazarında yenidən tarazlığın yaranmasına yönələn səyləri ilə tam həmrəyliyini bir daha təsdiqləyir və indiyədək göstərilən birgə səylərin də bu prosesdə təsirli olduğunu düşünür.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaq barədə razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi bu ilin ötən dörd ayında tam yerinə yetirib.

Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.

 

 


Create Account



Log In Your Account